“Öyrən, xilas et!” layihəsi Lənkəran şəhərində başa çatıb.

Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Öyrən, xilas et!” layihəsi Lənkəran şəhərində başa çatıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Açılış mərasimində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin rəisi polkovnik Müsəddiq Əsədov, Lənkəran Tibb Kolleci PHŞ-nin Tibb bacısı(qardaşı) işi ixtisası üzrə şöbə müdiri Solmaz Babayeva, “Regional İnkişaf” İctimai Birliyinin bölmə rəhbəri İlkin Muradov iştirakçıları salamlayaraq, layihənin əhəmiyyəti, məqsəd və hədəfləri barədə ətraflı məlumat veriblər.
Sonra “Öyrən, xilas et!” layihəsi çərçivəsində üç mərhələli praktiki oyunlar təşkil edilib.
Oyunlar şərti yanğının söndürülməsi, çadırların qurulması və zərərçəkmişlərin müvəqqəti yerləşdirilməsi, xilasetmə tədbirlərinin həyata keçirilməsi, yaralıların təxliyəsi və ilkin tibbi yardımın göstərilməsi istiqamətlərində keçirilib.
Oyunların nəticələri elan olunduqdan sonra qalib komanda kubok ilə, bütün iştirakçılar medal və şəhadətnamə, tədbirin təşkilində dəstək göstərən Fövqəladə Hallar Nazirliyi və Səhiyyə Nazirliyi əməkdaşları isə təşəkkürnamələrlə təltif ediliblər. Tədbirin sonunda kollektiv foto çəkilib.