RİİB könüllüləri “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsində iştirak ediblər
27 iyun 2025
Paylaş

İyunun 27-də Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması, Bakı Dövlət Universiteti, “ASAN Könüllüləri” Təşkilatı və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba rayonunda keçirilən “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsinin açılışı olub.
Düşərgə iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Quba rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova, Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən, Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, “ASAN Könüllüləri” Təşkilatının sədri Anar Musaev və “Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı çıxış ediblər.
Çıxış edənlər tərəfindən qeyd olunub ki, bu gün Qərbi Azərbaycana qayıdış ideyası dövlətimiz və xalqımız üçün ümummilli mübarizə məramı daşıyır və bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq göstəriş və tövsiyələrinə əsaslanaraq sülh, beynəlxalq hüquq və ədalət prinsipləri çərçivəsində sistemli və məqsədyönlü şəkildə davam etdirilir. Bildirilib ki, beynəlxalq ictimaiyyətin ölkəmizin bu sahədə haqlı və prinsipial mövqeyi barədə dolğun və obyektiv şəkildə məlumatlandırılması baxımından gənclərin fəal iştirakı mühüm əhəmiyyət kəsb edir. Çıxışlar zamanı gənclərin intellektual potensialının və bacarıqlarının Qərbi Azərbaycandan məcburi köçürülmüş soydaşlarımızın fundamental hüquqlarının bərpası yolunda səfərbər olunacağına dərin inam ifadə olunub.
Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksində iyunun 29-dək davam edəcək gənclər düşərgəsi çərçivəsində mövzu üzrə panel müzakirələr, məlumatlandırıcı sessiya, intellektual oyun və qrup işləri təşkil ediləcək, həmçinin Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən foto sərgi və film nümayiş olunacaq.
Layihənin məqsədi ölkəmizin müasir tarixinin aktual mövzuları, Qərbi Azərbaycan həqiqətləri ilə bağlı könüllülərin daha geniş məlumatlandırılması və onların proqram əsaslı işinin təşkil edilməsi, həmçinin Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyət arasında mütəşəkkil yayılmasında könüllülərin fəallığının təşviq olunmasıdır.