“Yeni park gənc rəssamların gözü ilə” adlı sərgi keçirilib

İyunun 18-də metronun “Gənclik” stansiyasının yaxınlığında istifadəyə verilən yeni parkda Bakı Şəhər İcra Hakimiyyətinin humanitar şöbəsi, Azərbaycan Rəssamlıq Akademiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yeni park gənc rəssamların gözü ilə” adlanan sərgi keçirilib.
Azərbaycan Rəssamlıq Akademiyasının müəllim
və tələbələri, “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri, gənc rəssamlar,
ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə Rəssamlıq Akademiyasının
tələbələrinin yeni parka həsr edilən 40-dan çox əl işi nümayiş etdirilib.
Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin
şöbə müdiri Elmin İmanov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru,
xalq rəssamı Natiq Əliyev, prorektor Səlhab Məmmədov, “Regional İnkişaf”
İctimai Birliyinin şöbə müdiri Aqşin Oruclu, gənc rəssam Sevinc Gəncəliyeva sərginin
əhəmiyyəti, onun gənc rəssamlar arasında maraqla qarşılanması, rəsm əsərlərində
parkın özəlliklərinin xüsusi olaraq vurğulanması barədə danışaraq, bu kimi sərgilərin
digər parkların ərazilərində təşkil edilməsinin maraqla qarşılanacağını
bildiriblər.
Rəsm əsərləri Azərbaycan Rəssamlıq
Akademiyasının münsiflər heyəti tərəfindən qiymətləndirilib və ilk üç yerin
qalibləri müəyyənləşdirilib — Fatimə Əliyeva birinci yerə, Leylahon Nurmetova
ikinci yerə və Sevinc Gəncəliyeva, Nigar Qasımova, Aydan Qurbanova və Narın
Zeynalabduyeva üçüncü yerə layiq görülüblər. Sərginin qaliblərinə və iştirakçılara mükafatlar və
sertifikatlar təqdim edilib.
Qeyd edək ki, bu sərgi gənc rəssamların yaradıcılığını dəstəkləmək, onların potensiallarını cəmiyyətə təqdim etmək və incəsənətə olan marağı artırmaq məqsədi ilə təşkil edilib.