VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2025) keçirilir

İyunun 12-də VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2025) öz işinə başlayıb.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər
Əliyev Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, “Regional
İnkişaf” İctimai Birliyinin təşkilatçılığı və Paşa Holdinq şirkətlər qrupunun
baş sponsorluğu ilə təşkil olunan VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların
Beynəlxalq Elmi Konfransı (ISCEMR-2025) iyunun 14-dək davam edəcək. UNEC-in 95
illik yubileyinə həsr olunan bu ilki konfrans “Dairəvi iqtisadiyyat və
dayanıqlı ekosistem” mövzusuna həsr olunub.
Konfrans iştirakçıları öncə Fəxri xiyabanda
Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələri
düzüblər, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən konfransın
açılışında UNEC-in rektoru, professor Ədalət Muradov, Elm və təhsil nazirinin
müavini Həsən Həsənli, xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı
Yalçın Rəfiyev, UI GreenMetric Dünya Universitetləri reytinqinin təsisçisi
professor Riri Fitri Sari, “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla
əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova Hacıyeva və “Weevo Srl Benefit” şirkətinin
həmtəsisçisi Gabriele Carboni çıxış ediblər.
Çıxışlardan sonra iştirakçılar konfrans çərçivəsində
nəşr olunmuş kitabların sərgisi ilə tanış olublar.
Konfransın ikinci hissəsində “COP29 Azərbaycan töhfəsi: İqlim dəyişikliyi
və maliyyələşdirilməsi, resurslardan səmərəli istifadə” və “Dairəvi iqtisadiyyatin drayverləri: Rəqəmsal
transformasiya və dayaniqli ekosistem” mövzuarında panel sessiyalar olub. Birinci
paneldə iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycanın mövqeyi və COP29
kontekstində maliyyə mexanizmləri müzakirə olunub. Digər paneldə isə dairəvi
iqtisadiyyatın inkişafına təkan verən əsas amillərdən bəhs edilib, həmçinin rəqəmsal
texnologiyalar, innovasiya və ekoloji dayanıqlılıq mövzularında fikir mübadilələri
aparılıb.
Konfrans öz işini iyunun 13-14-də panel müzakirələr
və vörkşoplarla davam etdirəcək. Müzakirələr süni intellekt, iqtisadi sistemlərin
optimallaşdırılması, dairəvi iqtisadiyyatda gender bərabərliyi və sosial
inklüzivlik, sosial məsuliyyətli və dayanıqlı biznes modelləri, dairəvi
iqtisadiyyatın təşviqində təhsilin rolu, istehlakçı məlumatlılığı və dayanıqlı
məhsul seçimi, eko-innovasiyalar, yaşıl
texnologiyalar, dayanıqlı istehlak və istehsal (SCP) siyasətinə həsr olunacaq.
Konfransın elm komitəsi tərəfindən müsbət dəyərləndirilən tədqiqat işləri dünyanın 20-ə yaxın elmi bazasında indekslənəcəkdir.