“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Şamaxıda görüş olub
20 may 2025
Paylaş

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində mayın 19-da Şamaxı rayonunda sonuncu görüş keçirilib.
Tədbirin açılışında qonaqları salamlayan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyubova regionlarda yaşayan qadınların və gənc qızların fərdi inkişafına yönəlmiş sosial təşəbbüslərin əhəmiyyətini vurğulayıb, xüsusilə “Güclü cəmiyyətin zərif simaları” layihəsinin qadınların cəmiyyətdə fəal iştirakını təşviq edən mühüm platforma olduğunu qeyd edib.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva və “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva çıxış edərək, Azərbaycan qadınının ailə institutunun möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və gənc nəslin sağlam formalaşdırılmasında oynadığı mühüm roldan, həmçinin dövlətin həyata keçirdiyi uğurlu qadın siyasəti çərçivəsində ölkə qadınlarına təqdim olunan geniş imkanlardan və onların müxtəlif sahələrdə potensiallarını reallaşdırmaq imkanlarından bəhs ediblər.
Görüşlər fərqli sahələrdə uğur qazanan qadınların – Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini, millət vəkili Könül Nurullayeva və 2023-cü il Gənclər üçün Prezident mükafatı laureatı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova TEDx formatında çıxışları ilə davam edib. Onlar öz uğur hekayələri və təcrübələrini görüş iştirakçıları ilə bölüşüb, motivasiyaedici söhbət aparıblar.
Qeyd edək ki, layihənin məqsədi regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etməkdir.