“Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsinin yekununa həsr olunmuş konfrans keçirilib
8 may 2025
Paylaş

Mayın 8-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın fəaliyyəti çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tərəfdaşlığı ilə icra olunmuş “Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsinin yekununa həsr olunmuş konfrans keçirilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbir iştirakçılarını salamlayan “Regional İnkişaf” İctimai Birliyinin şöbə müdiri Gülbağda Leysanova Hacıyeva layihə çərçivəsində görülən işlər barədə məlumat verərək əldə olunan nəticələri diqqətə çatdırıb. Bildirib ki, layihənin icrası nəticəsində aidiyyəti qurumlar tərəfindən küçə mühitində olan uşaqlar və ailələri üçün göstərilən xidmətlər və və resurslar xəritələşdirilmiş, Türkiyə Respublikasından dəvət olunmuş ekspertin dəstəyi ilə hazırlanmış təlim proqramı əsasında layihəyə cəlb olunan sosial işçilər və digər iştirakçılar təlimləndirilmiş, sahə tədqiqatlarının aparılması üçün metodologiya və digər sənədlər hazırlanmış, 100 uşaqla bağlı tədqiqatlar aparılmış, məlumatlar toplanmış, onların və ailələrinin sosial-psixoloji reabilitasiya, təhsil, səhiyyə, fərdi inkişaf, məşğulluq, hüquqi dəstək, sənədlərin hazırlanması və s. ehtiyacları müəyyən edilmiş və onların həlli istiqamətində tədbirlər görülmüşdür.
Nazirlər Kabinetinin Sosial məsələlər şöbəsinin böyük məsləhətçisi Gülnur Rzayeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyinin Stasionar sosial xidmətin təşkili departamentinin müdiri Məftunə İsmayılova, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Ana və uşaq sağlamlığının qorunması sektonun müdiri Aynurə Zeynalova, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsinin Tərbiyə məsələləri üzrə iş sektorunun müdiri Qeyrət Şirəliyev, Gənclər və İdman Nazirliyinin İctimai inkişaf sektorunun müdiri Elşən Qəhrəmanov və Türkiyə Respublikasından beynəlxalq ekspert Mehmet Zafer Danış çıxış edərək layihənin dövlət siyasətindəki əhəmiyyətindən, mövcud çağırışlar və hüquqi mexanizmlərdən danışıb, qurumlararası əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Konfrans daha sonra “Mövcud vəziyyət və problemlər” və “Yeni həll üsulları və innovativ yanaşmalar” mövzularında panel sessiyalarla işini davam etdirib.