“Beynəlxalq autizm konfransı: Autizm: Tədqiqatdan təcrübəyə” adlı elmi konfrans keçirilib

23-25 aprel tarixlərində “Beynəlxalq autizm konfransı: Autizm: Tədqiqatdan təcrübəyə” adlı elmi konfrans keçirilib.
Konfransın məqsədi beynəlxaq mütəxəssislərin təqdimatında
autizm haqqında müasir elmi araşdırmaları, həmçinin autizmə effektiv müdaxilə
metodları, autizmli şəxslərin inklüziv təhsilə cəlb edilməsi və onlar üçün
dayanıqlı məşğulluq imkanları haqqında yenilikləri əlaqədar sahələrdə çalışan
yerli mütəxəssislərin diqqətinə çatdırmaq, həmçinin autizm haqqında maarifləndirmə
aparmaq olub.
3 gün davam edən konfransın ilk günü Bakı
Slavyan Universitetində autizmlə bağlı müxtəlif mövzulara həsr olunan 10 praktik
seminar təşkil edilib.
Konfransın növbəti günləri Heydər Əliyev Mərkəzində
baş tutub.
Açılış tədbirində çıxış edən Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki,
övladlarına autizm diaqnozu qoyulmuş ailələrin sosial qayğılarının azaldılması,
valideynlərin lazımi səriştələr qazanması məqsədilə dövlət qurumları tərəfindən
bir sıra tədbirlər həyata keçirilir və bu tədbirlərin ölkə miqyasında yayılması
üçün xüsusi səylər göstərilir.
Elm və təhsil nazirinin müavini Firudin
Qurbanov autizmli uşaqların inklüziv təhsilə cəlb edilməsi, həmçinin təhsilverənlərin
bu sahədə peşəkar inkişafı üçün Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlərdən
bəhs edib.
Daha sonra “Regional İnkişaf” İctimai
Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda
Leysanova Hacıyeva autizmli şəxslərin keyfiyyətli təhsilə çıxış imkanlarının
artırılmasının, onların cəmiyyətə inteqrasiyası və əmək məşğulluğunun təmin
olunmasının vacibliyini vurğulayaraq, bu prosesdə inklüziv təhsilin mühüm rol
oynadığını qeyd edib və İctimai Birliyin bu sahədə həyata keçirdiyi davamlı
layihə və tədbirlər barədə məlumat verib.
Ardınca “Birgə və Sağlam” İctimai Birliyinin sədri
Aytən Eynalova, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova, Bakı
Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev, "Azərbaycan Hava
Yolları" QSC-nin (AZAL) prezidentinin müşaviri Fidan Fərzəliyeva, bp-nin
Azərbaycan, Gürcüstan, Türkiyə regionu üzrə şirkətxarici kommunikasiyalar rəhbəri
Tamam Bayatlı, “Kapital Bankın” İdarə Heyətinin üzvü Fərid Hidayətzadə
konfransın elm və təhsil ictimaiyyətinin peşəkar inkişafındakı rolunu
vurğulayıblar.
Rəsmi açılış hissəsindən sonra “Birgə və
Sağlam” İctimai Birliyinin “Mavi Ürəklər” inklüziv musiqi qrupu konsert
proqramı ilə çıxış edib.
Daha sonra konfrans spikerlərinin çıxışına yer
verilib. 2 gün davam edən konfransda ABŞ, İsveç, Norveç, İrlandiya və Türkiyədən
dəvət olunmuş tədqiqatçılar, həmçinin yerli mütəxəssislər geniş təqdimatlarla
çıxış edib, iştirakçıların suallarını cavablandırıb.
Konfrans çərçivəsində həmçinin qala konserti də
baş tutub. Bədii-musiqili konsert proqramında “Mavi ürəklər” inklüziv musiqi
qrupunun iştirakı ilə maraqlı və məzmunlu səhnə performansı nümayiş etdirilib.
Konfransın sonunda iştirakçılara sertifikatlar
təqdim edilib, xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, konfrans Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Medianın İnkişafı Agentliyi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi, “Birgə v00ə Sağlam” İctimai Birliyi, NEQSOL Holding, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Media Mərkəzi və Azərbaycan Pediatriya Cəmiyyətinin tərəfdaşlığı, "Azərbaycan Hava Yolları" QSC, bp şirkəti, Birbank və “SARDA Group”un sponsorluğu, “Atashgah” İncəsənət Mərkəzi, IBAO, DePromo, Özsüt, “İnklüziv İnkişafa Dəstək Mərkəzi”, “Kashalata” kafe, PM Akademiya, “Birlik” İctimai Birliyi, “Umid var” İnklüziv Yaradıcılıq Birliyi və “SBS” şirkətinin dəstəyi ilə keçirilib.