UEFA Uşaqlar Fondunun 10 illik yubileyinə həsr olunmuş minifutbol turniri təşkil olunub
24 aprel 2025
Paylaş

AFFA və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə UEFA Uşaqlar Fondunun (UEFA Foundation for children) 10 illik yubileyinə həsr olunmuş Şəki şəhərində yerləşən uşaq evlərinin 9-12 yaşarası oğlan və qızlardan ibarət komandaları arasında minifutbol turniri təşkil olunub.
Tədbirin açılış mərasimində AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov çıxış edərək, belə tədbirlərin uşaqlar arasında futbola marağı artırmaq və onların fiziki inkişafını dəstəkləmək baxımından mühüm rol oynadığını vurğulayıb.
Daha sonra AFFA-nın Sosial və ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva çıxışında bu cür layihələrin uşaqların sosial bacarıqlarının inkişafına, onların bərabər imkanlar mühitində özlərini ifadə etmələrinə və cəmiyyətə daha fəal inteqrasiya olunmalarına mühüm töhfə verdiyini bildirib.
“Regional İnkişaf” İctimai Birliyinin şöbə müdiri Aqşin Oruclu İctimai Birliyin ictimaiyyət arasında idmana olan marağın artırılması, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi məqsədilə həyata keçirdiyi layihələrdən danışıb.
Yarışın sonunda qalib komandalar AFFA və "Regional İnkişaf" İctimai Birliyinin nümayəndələri tərəfindən mükafatlandırılıb. Eyni zamanda turnirdə iştirak edən bütün uşaqlara AFFA tərəfindən idman geyimləri və ləvazimatları hədiyyə edilib.
Qeyd edək ki, bu turnirin əsas məqsədi uşaq evlərində yaşayan uşaqların fiziki və sosial inkişafını dəstəkləmək, onların idmana marağını artırmaq, sağlam həyat tərzini təşviq etmək, komanda ruhunu gücləndirmək və cəmiyyətə inteqrasiyasını stimullaşdırmaqdır.