“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Ucarda görüş olub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində aprelin 18-də Ucar rayonunda növbəti görüş keçirilib.
Tədbirin açılışında qonaqları salamlayan
Ucar Rayon İcra Hakimiyyəti başçısının müavini Aidə Qəhrəmanova regionlarda yaşayan
qadınların, gənc qızların şəxsi inkişafına dəstək olaraq həyata keçirilən
sosial layihələrin, o cümlədən “Güclü cəmiyyətin zərif simaları” layihəsinin əhəmiyyətini
diqqətə çatdırıb. Daha sonra Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş
məsləhətçisi Aytəkin Quliyeva, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı
Gülnarə Həmidova Azərbaycan qadınının mənəvi və ailə dəyərlərinin qorunması, gənc nəslin
düzgün yetişdirilməsi və cəmiyyətin inkişafındakı müstəsna rolundan danışıb,
dövlət tərəfindən həyata keçirilən uğurlu qadın siyasətindən və hər sahədə öz
potensiallarını reallaşdırmaq və layiqli mövqe tutmaq üçün Azərbaycan
qadınlarına yaradılan geniş imkanlardan bəhs ediblər.
Görüşlər fərqli sahələrdə uğur qazanan
qadınların – “Maestro School”un təsisçisi,
beynəlxalq dərəcəli təlimçi Mədinə Paşayevanın, “Safavy” Onlayn Təhsil Platformasının direktoru, şəxsi inkişaf üzrə
mentor, “Her IT Journey” Sosial layihəsinin rəhbəri
Könül Quliyevanın TEDx formatında
çıxışları ilə davam edib. Onlar öz uğur hekayələri və təcrübələrini görüş
iştirakçıları ilə bölüşüb, onlarla motivasiyaedici söhbət aparıblar.
Qeyd edək ki, layihənin məqsədi regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi, liderlik və rəqəmsal bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etməkdir.