“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində İmişlidə görüş olub
11 aprel 2025
Paylaş

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində aprelin 10-da İmişli rayonunda görüş keçirilib.
Tədbirin açılışında qonaqları salamlayan İmişli Rayon İcra Hakimiyyəti başçısı Aparatı, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rüfət Muradov regionlarda bu cür maarifləndirici görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva, “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova Hacıyeva ölkəmizdə həyata keçirilən uğurlu qadın siyasətindən, qadınların səlahiyyətləndirilməsi və öz potensiallarını reallaşdırmaları üçün yaradılan imkanlardan bəhs edib, həmçinin aidiyyəti qurumlar və ictimai birliklər tərəfindən regionlarda yaşayan qadınların, gənc qızların şəxsi inkişafına dəstək olaraq həyata keçirilən sosial layihələrin əhəmiyyətini diqqətə çatdırıblar.
Görüşlər fərqli sahələrdə uğur qazanan qadınların - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri, AFFA icraiyyə komitəsinin üzvü, birinci “Yüksəliş” müsabiqəsinin qalibi Leyla Xəlilova Rzazadənin, “Lunchef Catering MMC” və “Hİ Events Azerbaijan” şirkətlərinin təsisçisi Nilufər Qaranın TEDx formatında çıxışları ilə davam edib. Onlar öz uğur hekayələri və təcrübələrini görüş iştirakçıları ilə bölüşüb, motivasiyaedici söhbət aparıblar.
Qeyd edək ki, layihənin məqsədi regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etmək məqsədilə keçirilir.