Lənkəran şəhərində regionlarda təhsilin keyfiyyətinin artırılması məsələlərinə həsr olunmuş görüş keçirilib

Martın 15-də Elm və Təhsil Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Lənkəran şəhərində regionlarda təhsilin keyfiyyətinin artırılması məsələlərinə həsr olunmuş görüş keçirilib.
Görüş iştirakçılarını salamlayan Azərbaycan Respublikası
Milli Məclisinin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə ölkədə təhsil sahəsində aparılan islahatların
vacibliyini vurğulayıb. O, xüsusilə regionlarda təhsilin keyfiyyətinin yüksəldilməsinin
yalnız maddi-texniki bazanın gücləndirilməsi ilə deyil, eyni zamanda müəllim
hazırlığının, metodikanın və şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi
ilə mümkün olduğunu bildirib. Fariz İsmayılzadə çıxışı zamanı ölkədə və beynəlxalq
arenada tətbiq olunan müasir təhsil modellərindən, ADA Universitetinin bu
istiqamətdə həyata keçirdiyi layihələrdən və gələcək əmək bazarının tələblərinə
uyğun kadr hazırlığının əhəmiyyətindən danışıb.
Sonra “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Təbriz
Rzayev “Regional İnkişaf” İctimai Birliyinin inklüziv təhsilin təşviqi, bu sahədə
müəllimlərin bilik və bacarıqlarının artırılması, aztəminatlı və digər həssas
kateqoriyadan olan şəxslərin təhsilinə dəstəyin göstərilməsi, məktəblilərin
düzgün ixtisas seçimi barədə maarifləndirilməsi, ali təhsil pilləsində
ixtisasların təkmilləşdirilməsi və digər istiqamətlərdə mütəmadi layihələr həyata
keçirdiyini bildirib, bugünkü görüşün də təhsil problemlərinin həlli və keyfiyyətinin
artırılmasında önəmini vurğulayıb
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti
sektorunun müdiri Hafiz Pənahov isə təhsil sahəsində aparılan islahatların əhəmiyyətindən
və bu kimi tədbirlərin regionlarda təhsil keyfiyyətinin artırılmasına töhfə verəcəyindən
danışıb.
Daha sonra panel müzakirələrə start verilib. Azərbaycan
Respublikası Milli Məclisinin deputatı, ADA Universitetinin prorektoru Fariz
İsmayılzadə çıxışında ali təhsil müəssisələrinin innovasiya və tədqiqat mərkəzləri
kimi fəaliyyət göstərməsinin vacibliyindən bəhs edib. O, universitetlərdə
elmi-tədqiqatların genişləndirilməsi, tələbələrin analitik və tənqidi düşünmə
bacarıqlarının inkişaf etdirilməsi üçün yeni metodologiyaların tətbiqinin zəruriliyini
qeyd edib.
ADA Universitetinin prorektor məsləhətçisi Anar Vəliyev universitet
təhsilini inkişaf etdirməyin yolları, daha yaxşı araşdırma üsullarından danışıb.
O, həmçinin, ADA Universitetinin beynəlxalq əməkdaşlıqları, xaricdə təhsil
imkanları və tələbələrin qlobal trendlərə uyğun bilik və bacarıqlarla təmin
edilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının
Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlı balanslı karyera inkişafı,
düzgün seçimlər etmək üçün özünüdərkin əhəmiyyəti, əmək bazarının gələcəyi barədə
fikirlərini bölüşüb.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz
Mehdiyev “Şagird nailiyyətlərinin inkişafında əsas problemlər” mövzusunda
iştirakçılara məlumat verib.
Panel müzakirələr sual-cavab və müzakirələr ilə işini davam etdirib.