150 +994505000150

Azərbaycanda “Hədəf 130/80” adlı arterial hipertenziya ilə mübarizə layihəsi keçiriləcək

28 fevral 2025
Paylaş
Azərbaycanda “Hədəf 130/80” adlı arterial hipertenziya ilə mübarizə layihəsi keçiriləcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi və “Servye Azərbaycan” MMC-nin birgə təşkilatçılığı ilə "Hədəf 130/80" layihəsinin təqdimat mərasimi keçirilib.

Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev konfransda çıxış edərək, ölkəmizdə keçiriləcək “Hədəf 130/80” adlı arterial hipertenziya ilə mübarizə layihəsinin qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə böyük əhəmiyyət daşıdığını bildirdi. O vurğuladı ki, müasir dövrdə həm dünya miqyasında, həm də ayrı-ayrı ölkələr səviyyəsində qeyri-infeksion xəstəliklərlə mübarizə səhiyyə sistemlərinin prioritet vəzifələrindən birinə çevrilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva qeyri-infeksion xəstəliklərin müasir dövrün, cəmiyyətin problemi olduğunu nəzərə çatdırıb.

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov yalnız səhiyyə sisteminin tədbirləri və tibbi xidmətlərin gücləndirilməsi deyil, eyni zamanda əhalinin maarifləndirilməsinin həyata keçirilməli olduğunu bildirib.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov layihənin həyata keçirilməsinin vacib bir addım olduğunu, ölkəmizdə həyata keçirilən birgə və inteqrasiya olunmuş tədbirlərin əsas məqsədinin əhalinin sağlamlığının yaxşılaşdırılması, vətəndaşların uzunömürlü olmasına nail olmaq olduğunu qeyd edib.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Müraciətlərlə iş şöbəsinin müdiri Babək Tatlıyev əhalinin həyat və sağlamlığının qorunması istiqamətində fəaliyyətlərin paytaxtla yanaşı, regionları da əhatə etməsinin əhəmiyyətini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəsi Hande Harmancı qeyri-infeksion xəstəliklərin son illərdə bütün ölkələrdə və o cümlədən Azərbaycanda ən çox xəstələnmə, ölüm və əlilliklə nəticələnən xəstəlik olduğunu vurğulayıb.

Servye Azərbaycan şirkətinin direktoru Rişad Təhməzov arterial hiprertenziyanın  bütün dünyada olduğu kimi, Azərbaycanda da geniş yayıldığını nəzərə çatdırıb.

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Ülvi Mirzoyev konfrans iştirakçılarına “Hədəf 130/80” adlı arterial hipertenziya ilə mübarizə layihəsi ilə bağlı ətraflı məlumat verib.

Konfransda qeyd olunub ki, “Hədəf 130/80” adlı arterial hipertenziya ilə mübarizə layihəsi il ərzində davam edəcək. Layihənin əsas məqsədi Azərbaycan əhalisi arasında arterial hipertenziyaya nəzarəti gücləndirmək və bir il ərzində həkimləri maksimum dərəcədə cəlb etməklə, həmçinin rəhbər tövsiyələrə əsaslanan müalicə üsullarına riayət etməklə ürək-damar xəstəliklərini azaltmaqdır.

Layihə çərçivəsində əhali arasında, xəstəxanalarda təbliğat və təşviqat kampaniyası aparmaqla yanaşı televiziya, radio, sosial şəbəkə və s. vasitələrlə də əhali arasında təbliğatı gücləndirmək nəzərdə tutulub.


FOTO