Qarabağ Universitetində Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunan konfrans keçirilib

“Regional İnkişaf” İctimai Birliyi və Qarabağ Universitetinin təşkilatçılığı ilə Qarabağ Universitetində Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunan konfrans keçirilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi
və Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad
edilməsi ilə başlayıb.
Konfrans iştirakçılarını salamlayan Qarabağ Universitetinin
Tələbələrlə İş Mərkəzinin direktoru İradə Süleymanova Ermənistan silahlı qüvvələri
tərəfindən keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı
alayının şəxsi heyətinin iştirakı ilə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı
Soyqırımı aktını törətdiyini, bu hərbi təcavüz zamanı dinc sakinlərə amansızcasına
divan tutulduğunu, bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın,
63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirildiyini, meyitlər üzərində təhqiredici
hərəkətlərə yol verildiyini. həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin
həyatına son qoyduğunu, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin
birindən məhrum edildiyini, 487 dinc Xocalı sakininin ağır yaralandığını, 1275
nəfərin girov götürüldüyünü və onlardan 150 nəfərin taleyinin indiyədək məlum
olmadığını bildirərək, xalqımızın bu faciəni heç vaxt unudmayacağını qeyd etdi.
Daha sonra “Regional İnkişaf” İctimai Birliyinin Qarabağ
regional bölməsinin Xankəndi şəhəri üzrə nümayəndəsi Ceyhun Əzizov çıxışında
Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci
ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası
çərçivəsində ölkəmizdə və xaricdə görülən işlərdən danışıb.
Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru, dosent Bilal
Dadayev tələbələrə Xocalı soyqırımı ilə bağlı tarixi faktlar və həqiqətlər, faciənin
səbəbləri, gedişatı və nəticələri barədə elmi araşdırmalara əsaslanan məlumatlar
verib.
Konfrans Xocalı Soyqırımı şahidlərinin çıxışları ilə işini
davam edib. Faciə şahidlərindən Nazilə Məmişova, İsmayıl Nəcəfov və Valeh
Hüseynov həmin dəhşətli gecədə şahidi olduqları insanlığa sığmayan və vəhşicəsinə
törədilmiş hadisələr barədə danışıblar.
Tədbirin sonunda Heydər Əliyev Fondu tərəfindən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində hazırlanan videoçarx nümayiş olunub.