150 +994505000150

“Onkoloji xəstəliklərin müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-nəzəri konfrans keçirilib

23 dekabr 2017
Paylaş
“Onkoloji xəstəliklərin müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB), Səhiyyə Nazirliyi və Milli Onkologiya Mərkəzinin (MOM) birgə təşkilatçılığı ilə dekabrın 23-də Qəbələ Heydər Əliyev Konqres Mərkəzində ərtaf 15 rayonda onkologiya və ümumi terapiya sahəsində fəaliyyət göstərən 150-dən çox həkim üçün “Onkoloji xəstəliklərin müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-nəzəri konfrans təşkil olunub.

Konfransda Milli Onkologiya Mərkəzinin yüksəkixtisaslı həkim heyəti müxtəlif məruzələrlə çıxış ediblər.

 

Konfransı giriş sözü ilə açan Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli ölkəmizdə bu sahədə əldə olunan nailiyyətlərdən danışaraq qeyd edib ki, bu gün respublikamızın sürətli iqtisadi inkişafı bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına müsbət təsir göstərib. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində uğurla aparılan islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlər yeni-yeni uğurlara yol açıb.

 

 “Ölkəmizdə səhiyyənin ən vacib sahələrindən olan onkologiyaya da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə təchiz edilib”, - deyən Azad Kərimli bildirib ki, 2009-cu ildə mərkəzin cərrahiyə korpusunun, 2012-ci ildə isə Uşaq Onkologiya Korpusunun, 2014-cü ildə yeni müalicə korpusunun və bəd xassəli şişlərin molekulyar onkologiya laboratoriyasının açılışı olub. Mərkəzin nəzdində regionda birinci olan Uşaq Klinikasının yaradılmasında Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin böyük əməyi var. Ötən il mərkəzin nəzdində Nüvə Təbabəti Mərkəzi də açılıb. Bu mərkəz nəinki Azərbaycanda, hətta regionda bu tipli ilk və yeganə tibb müəssisəsidir.

 

Vurğulanıb ki, zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi artıq dünyanın ən qabaqcıl səhiyyə müəssisələri ilə müqayisə olunur. Mərkəz bu gün ümumdünya Səhiyyə Təşkilatı, “MD Anderson” və “Sloan Kettering” Onkoloji mərkəzləri, Avropa Nüvə Təbabəti Assosiasiyası və digər nüfuzlu mərkəzlərlə, təşkilatlarla əməkdaşlığını davam etdirir. Bu gün mərkəzin təcrübəli əməkdaşları tərəfindən respublikanın onkoloji xidmətinin strukturunun təşkili, bədxassəli şişlərin erkən diaqnostikası və bu xəstələrə müasir cərrahi, şüa və dərman müalicəsinin aparılması, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi istiqamətində böyük elmi araşdırmalar həyata keçirilir. 

 

Milli Onkologiya Mərkəzi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi arasında sıx əməkdaşlıq qurulduğunu qeyd edən A.Kərimli hər iki qurumun birgə təşkilatçılığı ilə bugünədək respublikanın müxtəlif regionlarında ödənişsiz onkoloji müayinələrin təşkil edildiyini, bu müayinələrin 3000-dən vətəndaşımızı əhatə etdiyini, müayinələrin nəticələrindən asılı olaraq müvafiq müalicələrin təyin olunduğunu, zəruri hallarda uğurlu cərrahiyyə əməliyyatlarının aparıldığını, qurulmuş səmərəli əməkdaşlığın bundan sonra da davam etdiləcəyini bildirdi.

 

Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev “Baş-boyun şişlərinin müasir cərrahi müalicəsi” mövzusunda çıxışında deyib ki, hazırda mərkəzin baş-boyun şişləri şöbəsində qırtlağın xərçəngində larinqektomiya, qırtlağın tam və ya qismən çıxarılması əməliyyatları həyata keçirilir. Yeni üsulla aparılan larinqektomiya zamanı xəstənin cəmiyyətə normal adaptasiyası, digər insanlar kimi adekvat həyat tərzinə malik olması üçün də bütün zəruri tədbirlər görülür. Bu prosesin reallaşması üçün “Provoks” səs bərpa sistemi və ya protezi tətbiq olunur. “Provoks” protezindən hava xəstəyə birbaşa traxestoma ilə yox, protezin süzgəcləri vasitəsi ilə daxil olur. Buna görə də xəstədə ağ ciyər iltihabının baş verməsi təhlükəsinin qarşısı alınır. Nəticədə xəstə özünü yaxşı hiss edir, rahat, sərbəst şəkildə doğmaları və yaxınları ilə ünsiyyətdə ola bilir. Mərkəzdə son 3 ildir tətbiq edilən bu cərrahi əməliyyat tibb sahəsində çox böyük addım, nailiyyət hesab olunur.

 

Daha sonra konfransda mərkəzin həkimlərindən, professor Reyman İsmayılzadənin “Uşaqlarda onkoloji xəstəliklərə ilkin yanaşma”, tibb elmləri doktorları Fuad Quliyevin “Onkourologiyada diaqnostika və müalicəsi”, Elturan İsmayılovun “Xərçəng xəstəliyinin profilaktikası, Fuad Novruzovun “Nüvə təbabəti (PET KA), Tahir Nəcəfovun “Süd vəzi xərçənginin müasir diaqnostika və müalicə üsulları”, Şəmistan Alıyevin “Uşaqlıq boynu xərçənginin erkən diaqnostikası və müalicəsi” və həkim Yusif Əliyarovun “Yoğun bağırsağın xərçəngi - profilaktika və kolonoskopiya” mövzularında çıxışları dinlənilib. Mərkəzin həkimlərinin xərçəng xəstəliyinin müalicə və müayinəsində müasir yanaşmaları özündə əks etdirən çıxışları maraqla qarşılanıb.

 

 Konfransda xərçəng xəstəliyinin cərrahi əməliyyatlarında tətbiq olunan yeni üsullar videogörüntülər vasitəsilə izah olunub, suallar cavablandırılıb.

 

Sonda iştirakçılara sertfikatlar təqdim olunub.

 

FOTO