“Konstitusiya və Suverenlik” ili ilə əlaqədar gənclər arasında intellektual oyun keçirilib
Fevralın 1-də Heydər Əliyev Mərkəzində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı, “Azərlotereya” ASC-nin dəstəyi ilə 2 fevral - Gənclər Günü münasibətilə gənclər arasında “Gənc Vətənpərvərlər: Konstitusiya və Suverenlik - Nə? Harada? Nə zaman? İntellektual oyunu" keçirilib.
Tədbirdə çıxış edənlər, “Zəfər” Şəhid Ailələrinə Dəstək
İctimai Birliyinin sədri Sevinc Orucova, “Regional İnkişaf” İctimai Birliyinin
bölmə rəhbəri İlkin Muradov və “Azərlotereya” ASC-nin İctimaiyyətlə əlaqələr və
korporativ sosial məsuliyyət üzrə departament rəhbəri Seymur Teymurov cəmiyyətin
aparıcı qüvvəsi, bu günün və sabahın qurucuları olan gənclərin hərtərəfli
inkişafı, biliklərinin artırılması, milli-mənəvi dəyərlərə bağlı vətənpərvər gənc
kimi formalaşdırılmasının dövlətin gənclər siyasətinin başlıca məqsəd və amalı
olduğunu, “Konstitusiya və Suverenlik” ili ilə əlaqədar gənclər arasında
keçirilən intellektual oyunun onların ölkəmizin çoxəsrlik tarixi, mədəniyyəti,
tarixi hadisələri, dövlət müstəqiliyinin, suverenliyinin və ərazi bütövlüyünün
qorunması, hüquqi, dünyəvi dövlət quruculuğunda keçdiyi tarixi yolu barədə
biliklərinin artmasında əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıblar.
Rəsmi hissədən sonra “Xəzər” İntellektual Gənclər Klubunun peşəkər komandasının təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” oyununa start verilib. Üç turdan ibarət yarışda hər birində 6 nəfər olmaqla ümumilikdə 25 komanda iştirak edib. Yarışda iştirak edən 8 komandanın üzvləri gənc şəhid övladlarından ibarət olub. Oyununun sonunda münsiflər heyəti tərəfindən komandaların cavabları sayılıb və nəticələrə əsasən “Zəngəzur” komandası I, “Parabrain” komandası II, “Torpaq” komandası isə III yerə layiq görülüb.
Sonda qalib komandalar müxtəlif mükafatlar və diplomlarla təltif olunub.