Heydər Əliyev Mərkəzində gənclər arasında "Qərbi Azərbaycan: Tarixin İzi ilə - İntellektual Oyunlar Çempionatı" keçirilib.
Dekabrın 21-də Heydər Əliyev Mərkəzində Gənclər və İdman Nazirliyinin dəstəyi, “Regional İnkişaf” İctimai Birliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycan: Tarixin İzi ilə - İntellektual Oyunlar Çempionatı" layihəsi çərçivəsində 16-29 yaşarası gənclər arasında “Nə? Harada? Nə zaman?” və “Kviz” oyunları keçirilib.
Tədbir iştirakçılarını salamlayan “Regional İnkişaf”
İctimai Birliyinin nümayəndəsi Murad Qasımlı layihənin məqsədi, Qərbi Azərbaycan
tarixi, coğrafiyası, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, görkəmli ictimai
xadimləri və tarixi şəxsiyyətləri, toponimləri, folkloru, eləcə də Qərbi Azərbaycandan
zorla çıxarılmış soydaşlarımızın öz doğma yurdlarına qayıtması istiqamətində
ölkəmizin haqlı mövqeyi barədə xüsusilə gənclərin bilik və məlumatlılığının
artırılmasının əhəmiyyətini, bu istiqamətdə müxtəlif layihələrin həyata keçirilməsinin
vacibliyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin İctimai
inkişaf sektorunun müdiri Elşən Qəhrəmanov, Qərbi Azərbaycan İcmasının Müşahidə
Şurasının sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və Qərbi Azərbaycan
İcmasının Ağsaqqallar şurasının üzvü, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi,
akademik Elşad Qurbanov layihənin əhəmiyyəti, Qayıdış konsepsiyasının
reallaşdırılmasında gənclərin üzərinə düşən vəzifələr, bu sahədə dövlət tərəfindən
yürüdülən siyasətin həyata keçirilməsinə hər bir vətəndaşın töhfə verməli
olduğu vurğulanıb, gəncləri beynəlxalq ictimaiyyətin soydaşlarımızın ata-baba
yurdlarına qayıtması istiqamətində ölkəmizin haqlı mövqeyi barədə düzgün məlumatlandırılmasında
fəallıq göstərməyə çağırıb.
Daha sonra “Nə? Harada? Nə zaman?” və “Kviz” oyunlarına
start verilib. İlkin mərhələdə qeydiyyatdan keçmiş 30 komanda “Nə? Harada? Nə
zaman?” intellektual oyununda mübarizə aparıb. Dörd turdan ibarət “Nə? Harada?
Nə zaman?” intellektual oyununun sonunda münsiflər heyəti tərəfindən
komandaların cavabları sayılmış, nəticələrə əsasən “Zəngəzur” komandası I, “Xudafərin”
komandası II və “Köhnə Qvardiyaçılar” komandası III yerə layiq görülüb.
Növbəti mərhələdə komandalar “Kviz” oyununda iştirak
edərək 15 mövzu üzrə sualları cavablandırmışdır. Münsiflər heyəti tərəfindən nəticələr
hesablanmış, “Zəngəzur” komandası I, “Xudafərin” komandası II və “Köhnə
Qvardiyaçılar” komandası isə III yerə layiq görülüb.
Sonda qalib komandalar müxtəlif mükafatlar və
sertifikatlarla təltif olunub.
Qeyd edək ki, ötən ildən icrasına başlanılan layihənin əsas məqsədi Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın öz doğma yurdlarına qayıtması hüququnun təmin olunmasını, insan hüquqları məsələsi və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı xalqımızın əsas hədəflərindən biri kimi göstərməklə, bütövlükdə Azərbaycan ictimaiyyətini, xüsusən də gəncləri bu amal uğrunda səfərbər etməkdir. Gələcəkdə gənclərimizin bu məsələyə daha çox diqqət yetirmələri və ölkəmizin haqlı mövqeyini daha geniş kütləyə çatdırmaları üçün bu istiqamətdə daha çox intellektual oyunlar, təhsil və məlumatlandırma tədbirlərinin keçirilməsi nəzərdə tutulur.