“Regional İnkişaf” İctimai Birliyi Xankəndidə gənclərlə görüş keçirib
“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən noyabrın 28-də Qarabağ Universitetində təhsil alan gənclərlə görüş keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin
səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin xatirəsinin
bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüş iştirakçılarını salamlayan Qarabağ
Universitetinin Tələbələrlə İş Mərkəzinin direktoru İradə Süleymanova Universitetin
yaranmasının bir illiyi münasibətilə hər kəsi təbrik edib. İ.Süleymanova gənclərin
könüllü fəaliyyətlərə qoşulmasının onların yeni bilik və bacarıqlara yiyələnməsi,
eyni zamanda sosial sahədə uğur qazanmasına geniş imkanlar yaratdığını diqqətə
çatdırıb.
Sonra “Regional İnkişaf” İctimai Birliyinin
fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, həmçinin elm, təhsil, sosial,
idman, səhiyyə və digər sahələrdə həyata keçirdiyi layihələr barədə danışılıb,
İctimai Birliyin fəaliyyətində könüllülərin rolu, onların fərdi inkişafı üçün görülən
işlər haqqında təqdimat və müxtəlif tədbirlərdə iştiraklarını əks etdirən videoçarx
nümayiş olunub.
Tədbirdə “Regional İnkişaf” İctimai
Birliyinin Qarabağ regional bölməsinin Xankəndi şəhəri üzrə nümayəndəsi Ceyhun
Əzizov iştirakçılara təqdim edilib.
C.Əzizov çıxışında könüllülük fəaliyyətinin
müasir gənclərin sosiallaşması və fərdi inkişafındakı əhəmiyyətindən, könüllü
kimi əldə etdiyi təcrübələrin ona qazandırdığı uğurlardan danışıb, gənclərə bu
istiqamətdə tövsiyələrini çatdırıb, onları tələbəlik illərini daha yaddaqalan və
səmərəli keçirmək, asudə vaxtlarını dəyərləndirmək üçün könüllü olmağa dəvət
edib.
Qeyd edək ki, Ceyhun Əzizov uzun müddət “Regional
İnkişaf” İctimai Birliyinin könüllüsü olmuş, İctimai Birliyin bir sıra layihələrinin
icrasında yaxından iştirak etmişdir. Hal-hazırda isə Qarabağ Universitetində müəllim
kimi fəaliyyət göstərir.
Tədbirin davamında “Regional İnkişaf” İctimai Birliyinin könüllü sıralarına qoşulmaq istəyən gənclərlə fərdi görüşlər keçirilərək qeydiyyatları aparılıb.