150 +994505000150

Uşaqların zərərli və təhlükəli informasiyadan qorunmasına həsr olunmuş onlayn görüş keçirilib

20 noyabr 2024
Paylaş
Uşaqların zərərli və təhlükəli informasiyadan qorunmasına həsr olunmuş onlayn görüş keçirilib

“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, “Nar”ın dəstəyi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və ADA Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” layihəsi çərçivəsində noyabrın 20-də dövlət rəsmilərinin və müvafiq sahə üzrə mütəxəssislərin uşaqlarla onlayn görüşü keçirilib.

Millətlər Cəmiyyətinin Assambleyası tərəfindən qəbul edilmiş Uşaq Hüquqları üzrə Cenevrə Bəyannaməsinin 100 illiyi və Ümumdünya Uşaqlar Gününə həsr edilmiş görüş Bakı, Naxçıvan, Gəncə, Lənkəran Qəbələ şəhər və rayonlarını təmsil edən 100-dən çox məktəblinin iştirakı ilə təşkil olunub.

Görüş iştirakçılarını salamlayan “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Günay Ağayeva bu əlamətdar günlər münasibətilə görüş iştirakçılarını təbrik edərək, layihənin məqsəd və əhəmiyyəti, həmçinin layihə çərçivəsində qarşıdakı bir ay ərzində həyata keçiriləcək tədbirlər barədə məlumat verib.

Görüşdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, ADA Universitetinin prorektoru Vəfa Kazdal, “Nar”ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət Departamentinin direktoru Hökümə Kərimova, “Regional İnkişaf” İctimai Birliyinin hüquqşünası Təbriz Qasımov, Azərbaycan Kibertəhlükəsilik Assosasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov və Assosasiyanın sədr müavini Rauf Cabbarovun çıxışları dinlənilib.

Çıxışlarda ölkəmizdə uşaq hüquqlarının təmin olunması və qorunması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlərdən danışılıb, informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndiyi bir dövrdə rəqəmsallaşan cəmiyyətdə uşaq hüqüqlarının qorunması zərurəti, onların zərərli informasiyalardan mühafizəsinin təşkili istiqamətində atılan addımlar, həyata keçirilən maarifləndirici layihələr diqqətə çatdırılıb. Həmçinin bu sahədə effektiv nəticələrin əldə edilməsi üçün aidiyyəti dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın vacibliyi vurğulanıb. Çıxış edənlər, eyni zamanda uşaqları rəqəmsal cəmiyyətdə öz hüquqlarını qorumaq üçün bilik və bacarıqlarını daim artırmağa, diqqətli və məsuliyyətli olmağa, media savadlılığına yiyələnməyə və daha etibarlı, yoxlanılmış informasiya mənbələrindən yararlanmağa çağırıblar.

Görüş sual-cavab mərhələsi ilə davam edib. Məktəblilərin rəqəmsal mühitdə uşaqların hüquqlarının müdafiəsi istiqamətində qurumlar tərəfindən görülən işlər, zərərli informasiyadan qorunmasını tənzimləyən mövcud qanunvericilik aktları, rəqəmsal texnologiyaların inkişafının təhsil müəssisələrində tədrisin təşkilinə təsiri, uşaqlar üçün təhlükəsiz onlayn davranış qaydaları, habelə sosial media hesabların və şəxsi informasiyaların qorunması üçün istifadə edilən texnologiyalar və digər mövzularda sualları cavablandırılıb, təklifləri dinlənilib.

Tədbir iştirakçıların görüş müddətində qeydə alınan görüntülərindən hazırlanmış fləş-mobla başa çatıb.

Qeyd edək ki, “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” kampaniyasının məqsədi uşaqlar və valideynləri rəqəmsal texnologiya və resurslardan düzgün və təhlükəsiz istifadə qaydaları haqqında maarifləndirməklə hüquqlarının qorunmasını təmin etməkdir. Kampaniya çərçivəsində, həmçinin, qeyd olunan şəhər və rayonlarda VII-XI sinif şagirdləri və onların valideynləri üçün uşaqların zərərli informasiyadan qorunması, sosial media və rəqəmsal resurslardan düzgün istifadə qaydalarına dair məlumatlandırıcı sessiyaların və uşaq hüquqlarının rəqəmsal cəmiyyətdə roluna dair konfransın keçirilməsi, müxtəlif məlumatlandırıcı çap materiallarının hazırlanması və paylanması nəzərdə tutulur.