150 +994505000150

İşğaldan azad edilmiş ərazilərdə tibbi aksiya keçirilir

30 oktyabr 2024
Paylaş
İşğaldan azad edilmiş ərazilərdə tibbi aksiya keçirilir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi (MOM), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və “Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı, “PAŞA Holding” və “PAŞA Sığorta” ASC-nin dəstəyi ilə oktyabrın 30-da işğaldan azad edilmiş ərazilərdə tibbi aksiyaya start verilib.

Noyabrın 1-dək davam edəcək aksiya çərçivəsində TƏBİB və Milli Onkologiya Mərkəzinin peşəkar həkim briqadaları tərəfindən Füzuli şəhəri və Zəngilan rayonunun Ağalı kəndinin sakinləri üçün müxtəlif sahələr üzrə tibbi xidmətlər göstəriləcək.

TƏBİB-in həkimləri tərəfindən vətəndaşlara kardioloji, pediatrik və terapevtik tibbi xidmətlər göstərilir, xəstəlik aşkarlanan şəxslərə müvafiq müalicə kursları təyin olunur. Digər xəstəliklər və ağırlaşmalar müəyyən olunan şəxslər TƏBİB-in tabeliyində fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilir.

MOM-un mütəxəssisləri şişönü və şiş xəstəliklərinin erkən diaqnostikası məqsədilə vətəndaşların şikayətləri əsasənda Səyyar Diaqnostik Kompleksdə onların USM, rentgen, ginekoloji və mammoqrafiya müayinələrini həyata keçirirlər. Xəstəlik riski olanlar tam yoxlanış və müalicə üçün Milli Onkologiya Mərkəzinə dəvət edilir.

Aksiyanın təşkilində “Regional İnkişaf” İctimai Birliyinin əməkdaş və könüllüləri də yaxından iştirak edir. Onlar vətəndaşların məlumatlandırılması və qeydiyyatını, müayinələr zamanı növbəliliyin təmin olunmasını və digər təşkilati işləri həyata keçirirlər.

Qeyd edək ki, layihə xəstəliklərin erkən diqanostikası, vaxtında dəqiq müayinə və müalicəsinin aparılması, eyni zamada öz doğma yurd-yuvalarına qayıdan vətəndaşlarımıza keyfiyytəli tibbi xidmət göstərilməsinin əlçatanlığının təmin olunması məqsədilə icra edilir.


FOTO