“AZLİNQ 2024 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirilib
“Regional İnkişaf” İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, neftçalalı dilçi alimlər - Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə Qəmbərovanın təşəbbüsü ilə oktyabrın 5-də “AZLİNQ 2024 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı növbəti beynəlxalq elmi konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin
daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il
tarixli Fərmanına uyğun olaraq bu il dördüncüsü təşkil olunan konfransda Azərbaycanın
tanınmış dilçi alimləri ilə yanaşı yerli və xarici gənc tədqiqatçılar də
iştirak ediblər.
Neftçala rayon Heydər Əliyev Mərkəzində keçirilən
konfransı giriş sözü ilə açan Mərkəzin direktoru Könül Məmmədova xalqın taleyi,
onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dilin cəmiyyətdə təşəkkülü və
inkişafından, ana dilinin insanların təkamülündə müstəsna rolundan danışıb.
Konfransın açılışında iştirak edən Neftçala Rayon
İcra Hakimyyətinin başçısı Mirhəsən Seyidov, “Regional İnkişaf” İctimai
Birliyinin əməkdaşı Gülbağda Leysanova, Sumqayıt Dövlət Universitetinin rektoru
Rüfət Əzizov, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru
Sevinc Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Hüseynova, Azərbaycan Televiziyasının və “İMZA” İctimai
Birliyinin beynəlxalq əlaqələr departamentlərinin direktoru Elnar Məmmədli, “Kür-Xəzər”
Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov, “Məktəbəqədər və ibtidai təhsil”
jurnalının baş redaktoru Böyükağa Mikayıllı, “Gündoğar” qəzetinin baş redaktoru
Bədirə Niftəliyeva öz çıxışlarında konfransın əhəmiyyətindən danışaraq qloballaşan
dünyada doğma dilimizin qorunması və inkişaf etdirilməsində qarşıda duran vəzifələrdən,
bu istiqamətdə həyata keçirilən çoxşaxəli tədbirlərdən bəhs ediblər. Natiqlər
eyni zamanda Ümummilli Lider Heydər Əliyevin dil siyasətinin müasir Azərbaycan
dilinin inkişafındakı əhəmiyyətli rolu, müstəqil Azərbaycanın dil siyasətinin
müəyyənləşdirilməsi, Azərbaycan dilinin milli mənəvi, siyasi-hüquqi statusunun
möhkəmlənməsi istiqamətində həyata keçirilən islahatlardan, xalqımızın əvəzolunmaz
mənəvi sərvəti olan Azərbaycan dilinə qayğı siyasətinin sonrakı mərhələdə
Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilməsi, qlobal
miqyasda yeni ünsiyyət formalarının yarandığı və informasiya-kommunikasiya
texnologiyalarının sürətli inkişaf etdiyi dövrdə dilimizin saflığının qorunması
və təbliği istiqamətində həyata keçirilən islahatlardan, dilçilik sahəsində
fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması, kütləvi
informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi
dil normalarının pozulması hallarının qarşısının alınması, əcdadlarımızın
yadigarı olan milli dilimizin yad təsirlərdən qorunması istiqamətində görülmüş
işlər və qarşıda duran vəzifələrə diar fikirlərini auditoriya ilə bölüşüblər.
Daha sonra AMEA-nın Nəsimi adına Dilçilik
İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə Qəmbərova “AZLİNQ
2023” konfransının materialları əsasında nəşr olunmuş linqvistik toplunun təqdimatını
edərək, kitabı uğurlu elmi araşdırmaların davamı və Azərbaycan dilçilik elminə
dəyərli töhfə kimi qiymətləndirib.
Açılış mərasiminin sonunda Pekin Xarici Dillər
Universiteti Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə
doktoru Aqşin Əliyevin "AZLİNQ" silsilə konfransları haqqında hesabatı dinlənilib.
Daha sonra konfrans öz işini panel iclarlarla davam
etdirib. 11 fərqli mövzuda təşkil olunan panel iclaslarda Azərbaycanın müxtəlif
ali təhsil və elm ocaqlarını təmsil edən, eləcə də xarici universitetlərdən iclaslara
onlayn qoşulmuş, ümumilikdə 100-dən çox tanınmış alim və gənc tədqiqatçı tərəfindən
aktual dilçilik mövzuları üzrə ən son tədqiqat işləri təqdim olunub.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub, konfransın materiallarından ibarət toplunun tərtib edilməsi və növbəti il “AZLİNQ 2025” konfransının keçirilməsi qərara alınıb.