Bakının “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib
Sentyabrın 23-də Bakının Xətai rayonundakı “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.
Heydər
Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və COP29 könüllülərinin
qatıldığı aksiyada 1000 ədəd Eldar şamı ağacı əkilib.
Qeyd edək ki, “Gənclik” parkı Heydər Əliyev Fondunun təşəbbüsü
ilə salınıb. Ərazisi 43 hektar olan parkda yaşıllıq zolaqları ilə yanaşı,
əyləncə və istirahət sahələri yaradılıb.
Xatırladaq ki, 2019-cu il noyabrın 11-də “Gənclik” parkı yeni
salınarkən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin
“Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə
aksiyasında iştirak etmişlər. Dövlətimizin başçısı bir zamanlar baxımsız olan
bu ərazidə abadlaşdırma işlərinin aparılması ilə bağlı müvafiq tapşırıqlar
vermişdi.
2021-ci il avqustun 26-da istifadəyə verilən “Gənclik” parkı
insanların rahat istirahət ünvanı olmaqla yanaşı, eyni zamanda, paytaxtın
ekoloji mühitinə öz töhfəsini verir.
Onu da qeyd edək ki, Azərbaycanda ekoloji vəziyyətin
yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə birinci
xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi diqqət
yetirir. Fond ölkəmizdə yeni yaşıllıqların salınması və mövcud yaşıllıq
sahələrinin qorunması üzrə müxtəlif layihələr icra edir. “Gənclik” parkı
ərazisindəki budəfəki ağacəkmə aksiyası isə ekoloji tarazlığa daha bir töhfə
oldu.