Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyası təşkil edilib
Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar sentyabrın 21-də COP29 Azərbaycan Əməliyyat Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə növbəti sahilyanı təmizlik aksiyası təşkil edilib.
Xəzər dənizinin Lənkəran sahilində baş tutan
sahilyanı təmizlik aksiyasına COP29 könüllüləri ilə yanaşı, “Regional İnkişaf”
İctimai Birliyinin könüllüləri də daxil olmaqla 100-dən artıq iştirakçı
qatılıb. Təmizlik aksiyası çərçivəsində sahil zolağı plastik və digər
tullantılardan təmizlənib.
Toplanan 1100 kiloqram tullantı utilizasiya üçün Lənkəran Şəhər
Abadlıq İdarəsinə təhvil verilib. Eyni zamanda, əvvəlki iməcilik tədbirlərində
olduğu kimi bu dəfə də toplanılan tullantıların həcmi haqqında məlumat “Ocean
Conservancy” qeyri-kommersiya ətraf mühitin müdafiəsi qrupunun qlobal məlumat
bazasına daxil edilib.
Əlavə edək ki, ekoloji tədbirə qatılan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi nümayəndələri Xəzər dənizinin mövcud ekoloji vəziyyəti, tullantıların utilizasiyası, xüsusən də düzgün idarə olunmadığı təqdirdə sualtı ekosistemə təsiri barədə könüllüləri məlumatlandırıb, onların mövzu ilə bağlı suallarını cavablandırıb.