RİİB könüllüləri bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi çərçivəsində maarifləndirmə işlərinə dəstək olur
Bakı Şəhər İcra Hakimiyyətinin 5 ildir ki, həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam etdirilir. Artıq paytaxtın Nərimanov, Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Suraxanı və Səbail rayonlarında icra olunan layihəyə avqustun 20-dən Binəqədi rayonunun da qoşulması qərara alınıb.
Qeyd edilməlidir ki, son vaxtlarda Binəqədi
rayonunda abadlıq və təmizliklə bağlı həyata keçirilən müsbət işlər, pozitiv dəyişikliklər
müşahidə edilir və bu baxımdan layihənin Binəqədi rayonunda icrası problemlərin
aradan qaldırılması istiqamətində atılan daha bir addımdır.
Layihəyə yeni qoşulacaq Binəqədi rayonunda
hazırlıq işləri çərçivəsində ilk növbədə 656 konteyner meydançası yaradılıb.
İlkin mərhələdə meydançalara 1655-i yaşıl və 563-ü narıncı rəngdə olmaqla,
ümumilikdə 2218 müasir tipli yeni konteynerlər yerləşdirilir, əraziyə cavabdeh
şəxslər təyin olunur.
Sakinlərin maarifləndirilməsinə xüsusi diqqət
ayrılan bu layihə çərçivəsində Bakı Şəhər və Binəqədi Rayon İcra Hakimiyyətlərinin
rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri və gənclərin iştirakı
ilə rayonun qəsəbələrində, məhəllə və həyətlərində görüşlər keçirilir. Bakı Şəhər
İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq
Memorandumuna əsasən İctimai Birliyin könüllüləri maarifləndirmə işlərinə
yaxından dəstək verir.
Maarifləndirmə tədbirləri çərçivəsində vətəndaşlara layihənin məqsədi izah edilir, mənzillərə yaşıl və narıncı rəngli paketlər, məlumatlandırıcı bukletlər paylanılır, məhəllələrdə və binaların bloklarında posterlər yapışdırılır.
Bu layihənin uğurla icrası son illərdə kommunal sahədə həyata keçirilən tədbirlər nəticəsində abad şəhərə çevrilən paytaxtımızın daha təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına və iqtisadi səmərənin əldə olunmasına xidmət edir.