Məktəblilər arasında ümumrespublika müsabiqəsində layihələrin qəbuluna başlanılıb
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” - məktəblilər arasında ümumrespublika müsabiqəsində layihələrin qəbuluna başlanılıb.
Ekoloji problemlərin həllində innovativ
texnologiyaların tətbiqi; İqlim dəyişikliyi təsirlərinin azaldılmasında icma təşəbbüsləri
və təbliğat tədbirləri; Biomüxtəlifliyin qorunması və ya bərpası; Tullantıların
minimuma endirilməsini (sıfır tullantı) və ya təkrar emalını təmin edən təcrübələrin
və texnologiyaların tətbiqi; Ekoloji tarazlığın qorunmasında aqro-meşəçilik təcrübələrinin
tətbiqi; Qlobal iqlim dəyişikliklərində antropogen təsirlərinin azaldılması
üçün alternativ əkinçilik texnologiyalarının tətbiqi; İqlim dəyişmələrinin kənd
təsərrüfatına mənfi təsirlərinin idarə olunmasında maarifləndirmə tədbirləri; Yüksək
temperatur, yağıntıların dəyişməsi və ekstremal hava hadisələrinin tezliyinin məhsulların
məhsuldarlığına və keyfiyyətinə təsirləri; Sağlam qida mədəniyyətinin
formalaşdırılması; Su mənbələri və resurslarından qənaətlə istifadənin təşviqi
və bu kimi digər vacib mövzularda hazırlanması təklif edilən layihələr avqustun
31-dək onlayn qaydada qəbul ediləcək.
Qeyd edək ki, şərtlərə əsasən 5 əsas və 3
ehtiyat olmaqla VI-IX siniflərdə təhsil alan 8 nəfər şagirddən ibarət komanda
ilə qeydiyyatdan keçmiş hər məktəb müsabiqəyə yalnız bir layihə təqdim edə bilər.
Layihələr Təşkilat Komitəsi tərəfindən
iqlim dəyişikliyinin ətraf mühitə və uşaqların sağlamlığına mənfi təsirlərinin
azaldılmasına zəmin yaradılması, nəzərdə tutulan fəaliyyətlərin real və
icrasının mümkünlüyü, problemin həllində yaradıcı və innovativ yanaşmalara üstünlük
verilməsi, maliyyə səmərəliliyi və digər meyarlar əsasında qiymətləndiriləcək.
Ən uğurlu 5 layihə seçiləcək və qalib komandalara layihənin icrası üçün büdcə məbləğində
pul mükafatı veriləcək.
Layihə Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər
və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi
İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Su və
Meliorasiya Elmi Tədqiqat İnstitutu, Azərbaycan Sənaye Korporasiyası, ADA Məktəbi,
Azərbaycan Mühəndislik Akademiyasi və “AzerGold” QSC-nin dəstəyi ilə icra
olunur.