Qazaxda məktəblilər üçün “Yaşıl dünya naminə həmrəylik ili” yay düşərgəsi keçirilir
ADA Universiteti, ADA Universitetinin Qazax Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qazaxda region məktəbliləri üçün “Yaşıl dünya naminə həmrəylik ili” yay düşərgəsi keçirilir.
Beş gün davam edəcək düşərgədə
Qazax, Tovuz, Ağstafa və Şəmkir rayonlarından olan 8-9-cu siniflərdə təhsil
alan şəhid və qazi övladları iştirak edir.
İyulun 8-də ADA
Universitetinin Qazax Mərkəzində ADA Universiteti, Qazax Rayon İcra Hakimiyyəti
və “Regional
İnkişaf” İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə düşərgənin
açılış tədbiri təşkil edilib.
ADA Universitetinin
strategiya və inkişaf üzrə prorektoru Vəfa Kazdal qeyd edib ki, Seminariyanın
fəaliyyəti, təlim-tədris imkanları, təqdim etdiyi proqramların sayı artır.
Burada magistr dərəcələri və müəllimlər üçün sertifikat proqramları ilə yanaşı,
məktəbilər üçün də yay düşərgələri kimi imkanlar da təqdim edilir.
“Regional İnkişaf” İctimai
Birliyinin əməkdaşı Səkinə Abasova çıxışında düşərgənin keçirilməsinin
əhəmiyyətindən, məqsəd və hədəflərindən söz açaraq, bu layihənin həm də şəhid
və qazi övladlarına həssas yanaşmanın növbəti bir nümunəsi olduğunu diqqətə
çatdırıb.
Düşərgənin əsas məqsədi
məktəblilərin yay tətilinin səmərəli təşkili, onlara əlavə bilik və bacarıqlar
qazandırılması, eyni zamanda yeniyetmələr arasında ətraf mühitə, təbiətə qarşı
həssas yanaşmanın təşviq edilməsidir. Düşərgə
vasitəsilə bir qrup şagirdə iqlim dəyişikliyi, ekologiya və digər mövzuda yeni
biliklər vermək, onlara praktik olaraq təbiətin mühafizəsi, tullantılardan
effektiv istifadə yollarını öyrətmək hədəflənib. Həmçinin düşərgə çərçivəsində
məktəblilər üçün düzgün peşə seçimi, psixoloji dəstək və fərdi inkişaf, şəbəkələşmə
mövzularında təlimlər, fərqli intellektual oyunlar, əyləncəli proqram və regionun
zəngin mədəni irsini və təbii gözəlliklərini daha yaxından tanımaq imkanı yaradan
ekskursiyalar təşkil olunacaq. Bu təlimlər məktəblilərə öz potensiallarını kəşf
etməyə və gələcək şəxsi inkişaflarını planlaşdırmağa kömək edəcək.
Düşərgə iyulun 12-də yekun tədbirlər və mükafatlandırma ilə başa çatacaq. İştirakçılara göstərdikləri fəallığa görə müxtəlif hədiyyə və sertifikatlar təqdim ediləcək.
Qeyd edək ki, məktəblilərə həm əyləncəli, həm də maarifləndirici bir təcrübə təqdim edəcək düşərgə müddətində iştirakçıların təhlükəsizliyi və rifahı üçün bütün zəruri tədbirlər görüləcək.