BSU-da “Təhsildə inklüzivlik: Müəllim hazırlığında müasir təhsil proqramları və yanaşmalar” mövzusunda təlim keçirlilib
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Təhsildə inklüzivlik: Müəllim hazırlığında müasir təhsil proqramları və yanaşmalar” layihəsi çərçivəsində Bakı Slavyan Universiteti və Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında 3-5 iyul tarixlərində təlim təşkil edilib.
Bakı Slavyan Universitetində müəllimlərin inklüziv
təhsil sahəsində nəzəri-praktik biliklərinin artırılması məqsədilə keçirilən təlimlərdə
20 nəfərdən çox olmaqla, BSU-nun professor-müəllim heyəti, həmçinin Universitetin
nəzdində fəaliyyət göstərən Məktəb Lisey Kompleksinin ibtidai sinif müəllimləri
iştirak edib.
Təlimlər “Regional İnkişaf” İctimai Birliyi tərəfindən
daha əvvəl icra olunmuş inklüziv təhsil layihələrində müvafiq “ToT” təlim
proqramlarını uğurla başa vurmuş təlimçi mentor Lamiə Hacımuradova tərəfindən
aparılıb.
İnklüziv təhsildə uyğunlaşma strategiyaları, differensial
qiymətləndirmə, inklüziv sinif mühitinin yaradılması, inklüziv təhsildə gələcəyə
baxış və s. mövzular üzrə keçirilən təlimlər müəllimlərə fərqli əlillik dərəcələrində
olan şagirdlərin ehtiyac və maraqlarına, sosial-psixoloji və sağlamlıq vəziyyətlərinə
uyğun təhsil ehtiyaclarını qarşılamaq üçün praktik səriştələr və metodik
bacarıqlara yiyələnmək imkanını təmin edib.
Təlimi uğurla başa vuran müəllimlər “Regional
İnkişaf” İctimai Birliyi və Bakı Slavyan Universitetinin birgə sertifikatları
ilə təltif edilib. Sertifikatların təqdim olunmasında BSU-nun rektoru Anar
Nağıyev iştirak edib.
Qeyd edək ki, təlimlər “Regional İnkişaf” İctimai Birliyinin “Müəllimlərin inklüziv təhsil sahəsində potensialının artırılması” layihəsi çərçivəsində hazırlanmış və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən məzmun baxımından təsdiq edilmiş yeni ixtisasartırma proqramı və Bakı Slavyan Universitetinin “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi əsasında həyata keçirilib.