150 +994505000150

"Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə Qubada təlimlər keçirilib

22 noyabr 2017
Paylaş
"Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə Qubada təlimlər keçirilib

BMT-nin İnkişaf Proqramı, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə Quba şəhərində “Elektron hökumət və elektron iştirak imkanlarının təkmilləşdirilməsi”, “Vikipediya”nın idarə olunması”na həsr olunan təlimlər keçirilib.

 “Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunan təlimlərdə e-hökumət və e-iştirak infrastrukturu, “Elektron hökumət” portalı (e-gov.az), portalın vətəndaşlara təqdim etdiyi xidmətlər, portaldan istifadə qaydaları, elektron imza, elektron sənəd haqqında nəzəri və praktik biliklər aşılanıb. E-hökumət və e-iştirak konsepsiyalarının qlobal inkişaf tendensiyaları, dövlətin şəffaf idarə edilməsində İKT-dən daha səmərəli istifadə, internet təhlükəsizliyi kimi məsələlər müzakirə edilib. İştirakçılara real iş rejimində “Elektron hökumət” portalı (e-gov.az) üzrə praktik bacarıqlarını artırmaq, habelə elektron imza və elektron sənəd haqqında məlumatlar verilib.

Təlim kursu innovativ texnologiyaların tətbiqi ilə biznesin inkişaf yollarını araşdırmaq, bununla bağlı yerli mütəxəssislərlə beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsi aparmaq baxımından yeni imkanlar yaradır, daha səmərəli regional sosial-iqtisadi inkişafa dəstək göstərir.

BMT-nin İnkişaf Proqramında layihə üzrə ekspert Barat Talıbov “Elektron hökumət”in müasir dövrün ən aktual məsələlərindən biri olduğunu bildirib. Qeyd edib ki, e-hökumətin yaşı 15-20 il olsa da, Azərbaycan bu sahədə xeyli iş görüb. O, e-hökümət portalını, elektron imzanı, müxtəlif dövlət qurumlarının göstərdiyi elektron xidmətləri misal olaraq göstərib. B.Talıbov layihə çərçivəsində regionlarda təlimlərin bu il noyabrın 3-də Gəncədən başladığını bildirib. Qubada təşkil olunan təlimin də təcrübə mübadiləsi baxımından zəngin olacağını qeyd edib.

“Regional İnkişaf” İctimai Birliyinin könüllülərlə iş, layihələr və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qənbərov bildirib ki, RİİB-in əsas fəaliyyət istiqamətlərindən biri vətəndaşlarla dövlət qurumları arasında dialoqun gücləndirilməsinə dəstək olmaqdır. Regionlarda e-hökumət sahəsində çalışan əməkdaşlar və gənclər üçün təşkil olunan bu təlimlər də dövlət qurumları və vətəndaş arasında elektron əlaqələrin təkmilləşdirilməsini, kadrların yüksək ixtisaslaşmasını və ölkəmizin internet məkanında mövqelərinin gücləndirilməsində gənclərin rolunun artırılmasını hədəf götürüb.

“Vikipediya”nın idarə olunmasına dair təlimdə isə regionun turizm marşrutları, tarixi və mədəniyyət abidələrinin “Vikipediya”da təbliği, eyni zamanda gənclərin bu platformada işləmə vərdişlərinin artırılması məsələləri müzakirə edilib. Azərbaycanda “Vikipediya” könüllülük hərəkatını dəstəkləmək və onun əhatəsini genişləndirmək məqsədini aşılayan təlimdə iştirakçılara, həmçinin bu qlobal informasiya resursunda məqalələrin yerləşdirilməsinə dair məlumatlar verilib.

İştirakçılara “Vikipediyaçının köməkçisi”, “Elektron Azərbaycan” adlı maarifləndirici nəşrlər və BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin sertifikatları təqdim edilib.

Bu cür təlimlərin Qəbələ, Bərdə, Şirvan, Lənkəran və digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.