“Təhsildə inklüzivlik: Müəllim hazırlığında müasir təhsil proqramları və yanaşmalar” layihəsi çərçivəsində Qazaxda təlimlər keçirilib

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Təhsildə inklüzivlik: Müəllim hazırlığında müasir təhsil proqramları və yanaşmalar” layihəsi çərçivəsində ADA Universiteti və Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında ADA Universitetinin Qazax Mərkəzində 7-9 iyun tarixlərində ibtidai sinif müəllimləri üçün təlimlər təşkil olunub.
Müəllimlərin
inklüziv təhsil sahəsində nəzəri və praktik biliklərinin artırılması məqsədilə keçirilən
təlimlərdə Qazax rayon məktəbləri üzrə ibtidai siniflərdə tədris aparan 50-dən
çox müəllim iştirak edib. Təlimlər RİİB tərəfindən daha əvvəl icra olunmuş
inklüziv təhsil layihələrində müvafiq “ToT” təlim proqramlarını uğurla başa
vurmuş təlimçi Lamiə Hacımuradova tərəfindən aparılıb.
Təlimlər
müəllimlərə fərqli əlillik dərəcələrində olan şagirdlərin ehtiyac və
maraqlarına, sosial-psixoloji və sağlamlıq vəziyyətlərinə uyğun təhsil
ehtiyaclarını qarşılamaq üçün praktik səriştələr və metodik bacarıqlara
yiyələnmək imkanı təmin edib.
Qeyd
edək ki, təlimlər “Regional İnkişaf” İctimai Birliyinin “Müəllimlərin inklüziv
təhsil sahəsində potensialının artırılması” layihəsi çərçivəsində hazırlanmış və Azərbaycan
Respublikasının Təhsil İnstitutu tərəfindən məzmun və struktur baxımından təsdiq
edilmiş yeni ixtisasartırma proqramı əsasında həyata keçirilib.
Cari ilin sonunadək ölkənin qərb regionunda, ümumilikdə 250 ibtidai sinif müəlliminin təlimlərə cəlb edilməsi nəzərdə tutulur.