“Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsi çərçivəsində təlim təşkil edilib
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın fəaliyyəti çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Sosial Xidmətlər Agentliyi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “Təmiz Dünya” Qadınlara Yardım, Ümidli Gələcək Sosial Təşəbbüslər və “Azərbaycan Uşaqları” İctimai Birliklərinin tərəfdaşlığı ilə “Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsi çərçivəsində 6-7 iyun tarixlərində layihəyə cəlb edilən, ümumilikdə 35 sosial işçi və 20-dən çox könüllü üçün təlim təşkil olunub.
“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri
Kəmalə Ağazadə və sosial işçi Fərrux Hüseynov tərəfindən keçirilən təlimdə
layihənin sahə tədqiqatları fazasında görüləcək işlərin effektiv təşkili, sosial
işçilər və könüllülərin müvafiq sahədə bacarıq və səriştələrinin artırılması məqsədilə
onlara küçə mühitində olan uşaqlarla davranış qaydaları, vəzifələri, məlumatların
toplanması və emalı, ehtiyacların qiymətləndirilməsi və digər mövzularda ətraflı
nəzəri və praktik məlumatlar verilmişdir.
Qeyd edək ki, sahə tədqiqatları nəticəsində küçə mühitində olan hər bir uşaqla bağlı ehtiyacların xəritələşməsi aparılacaq və ona uyğun müxtəlif istiqamətlərdə xidmətlərin göstərilməsi təmin ediləcəkdir.