“Çempion ailələr” layihəsinə Sabirabad rayonunda start verilib
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Çempion ailələr” layihəsinin icrasına başlanılır.
Layihə çərçivəsində iyunun 7-də Sabirabad rayon ərazisində
yerləşən Heydər Əliyev Parkında ilk tədbir keçirilib.
Tədbirdə çıxış edən Sabirabad rayon İcra Hakimiyyəti
başçısının müavini Həsən Həsənov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin Ailə Məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva və “Regional
İnkişaf” İctimai Birliyinin əməkdaşı Aqil İsmayılzadə dövlət ailə siyasətinin
icrası istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərdən danışıb, bu gün
icrasına başlanılan “Çempion ailələr” layihəsinin məqsəd və əhəmiyyətini diqqətə
çatdırıblar.
Tədbir çərçivəsində, ümumilikdə 12 ailə arasında “kəndir dartma”
və dama oyunu, uşaqlar arasında kisə ilə yaxın məsafəyə qaçış, sonda isə
intellektual yarış keçirilib və nəticələrə əsasən 3 ailə qalib seçilib. Qalib
ailələrə, eyni zamanda tədbirdə iştirak edən hər bir fəal ailəyə diplom və hədiyyələr
təqdim olunub.
Qeyd edək ki, layihənin məqsədi bölgələrdə əhali arasında
sağlam həyat tərzinin təbliği, ailələrdə sağlam həyat tərzi vərdişlərinin
formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkilidir.
Cari ilin iyun-iyul aylarını əhatə edəcək layihənin, ümümullikdə 10 bölgədə 120-dən çox ailənin iştirakı ilə davam etdirilməsi nəzərdə tutulur.