Daşkəsəndə “Təmiz Daşkəsən” ekoloji layihəsinin icrasına başlanılıb
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə “Yaşıl dünya naminə hərməylik ili” çərçivəsində “Təmiz Daşkəsən” ekoloji layihəsinin icrasına başlanılıb.
5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü
münasibətilə “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı altında təşkil edilən
layihə çərçivəsində QSC-nin əməkdaşları və RİİB-in könüllüləri Kiçik Qafqazın ən
böyük su hövzələrindən biri olan Qoşqarçayın Daşkəsən rayonunun Quşçu kəndindən
keçən hissəsində təmizlik aksiyası keçiriblər. Aksiya iştirakçıları tərəfindən
çayın sahilləri boyu, təqribən 2 hektara yaxın meşə ərazisi plastik,
polietilen, metal, şüşə, kağız, karton və digər tərkibli tullantılardan təmizlənib.
Yığılmış tullantılar çeşidlənərək, təkrar emala yönəldilib. Həmçinin Quşçu kəndində
ağaclardan ekoloji təmiz boya ilə rənglənmiş quş yuvaları asılıb.
Qeyd edək ki, “Təmiz Daşkəsən” ekoloji layihəsində əsas məqsəd “AzerGold” QSC-nin hasilat fəaliyyəti həyata keçirdiyi Daşkəsən rayonunda ətraf mühitin mühafizəsi, biomüxtəlifiyin qorunması, məişət tullantılarının bölgənin flora və faunasına vurduğu zərərlərlə bağlı ictimaiyyətin maarifləndirilməsidir. Bu məqsədlə cari il ərzində “Təmiz Daşkəsən” ekoloji layihəsi çərçivəsində rayonunun müxtəlif ərazilərində bu tip aksiyaların təşkili davam etdiriləcək.