Şamaxıda gənclərlə Qərbi Azərbaycan həqiqətləri mövzusunda görüş keçirilib
Qərbi Azərbaycan İcması (QAİ) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində növbəti məlumatlandırıcı sessiya mayın 31-də Şamaxı rayonunda təşkil edilib.
Görüş iştirakçılarını
salamlayan “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Orucəli Abbaszadə
tədbirin mahiyyəti və məqsədi haqqında məlumat verərək Qərbi Azərbaycan həqiqətləri
ilə bağlı gənclərin daha geniş məlumatlandırılması və onların proqram əsaslı
işinin təşkilindən danışıb.
Tədbirdə çıxış edən QAİ Ağsaqqallar Şurasının üzvü,
pedaqogika üzrə elmlər doktoru, professor Həsən Bayramov, QAİ İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru
Nazim Mustafa və İcmanın gənclərlə iş üzrə məsul əməkdaşı Anar İrzaquliyev Qayıdış
konsepsiyasının müddəaları, Qərbi Azərbaycanın İcmasının strukturu və fəaliyyət
istiqamətləri, İcma tərəfindən görülən işlərdən danışıb, gənclərin bu mövzuda
maarifləndirilməsi və soydaşlarımızın ata-baba yurdlarına qayıtması ilə bağlı
həyata keçirilən tədbirlərdə fəal iştiraklarının vacibliyini diqqətə
çatdırıblar.
Görüş zamanı Qərbi Azərbaycan həqiqətlərini,
tarixini, mədəniyyətini özündə əks etdirən təqdimat nümayiş etdirilib, gəncləri
maraqlandıran suallar müzakirə olunub.
Qeyd edək ki, layihənin məqsədi Qərbi Azərbaycandan
zorla çıxarılmış azərbaycanlıların öz doğma yurdlarına qayıtması hüququnun,
insan hüquqları məsələsi və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı
xalqımızın əsas hədəflərindən biri kimi göstərməklə, bütövlükdə Azərbaycan
ictimaiyyətinin, xüsusən də gənclərin bu amal uğrunda səfərbər edilməsi,
Qayıdış konsepsiyasının müddəalarının izahı, Qərbi Azərbaycanın tarixi,
coğrafiyası, icmanın fəaliyyəti barədə gənclərin məlumatlılığının
artırılmasıdır.