150 +994505000150

Beynəlxalq Ailə Günü ərəfəsində Ailə Festivalı keçirilib

15 may 2024
Paylaş
Beynəlxalq Ailə Günü ərəfəsində Ailə Festivalı keçirilib

Mayın 14-də Beynəlxalq Ailə Günü ərəfəsində ənənəvi Ailə Festivalı keçirilib. Festival “Ekoloji düşüncə ailədən başlayır” şüarı altında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Festivalda açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, ailələri əlamətdar gün münasibətilə təbrik edib, onlara rifah, xoşbəxtlik arzu edib. O, ailəni dövlətin, cəmiyyətin əsas özəyi, dünyaya göz açan hər kəsin tanış olduğu ilk sosial mühit adlandırıb. Dövlət ailə siyasətindən söz açan sədr, bu siyasətin əsasında insan və onun mənafeyi, rifahının dayandığını, cəmiyyətin inkişafına xidmət etdiyini qeyd edib.

Komitə sədri Azərbaycanın tarixən öz gücünə güvəndiyini və bu gün Günəş kimi dünyaya işıq saçdığını söyləyib. Əlavə edib ki, işğaldan azad edilmiş torpaqlara, xüsusilə də Şuşaya köçün yaşandığı ərəfədə festivalın ailə dəyərlərinin vacib olduğunu bir daha cəmiyyətə çatdırmaq, ailənin möhkəmliyinin, saflığının cəmiyyət və dövlət həyatının əsası olduğuna dair çağrış etmək məqsədi daşıdığını qeyd edib.

Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, ailənin cəmiyyətin gələcəyə olan ümidi olduğunu deyib. Bildirib ki, bu gün gələcəyə olan ümidimizin tam olduğunu fəxrlə deyə bilirik və övladlarımız bütövləşmiş Azərbaycan torpaqlarında böyüyür və ailə həyatı qururlar. E.İmanov artıq ənənə halını alan Festivalın əhəmiyyətinə diqqət çəkərək, belə tədbirləri ailə institutunun qorunması, dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından olduqca əhəmiyyətli hesab edib.

Çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Aytac Əjdərli dövlət ailə siyasətinin inkişafında milli adət və ənənələrin rolundan danışıb, Komitənin ailə siyasəti sahəsində fəaliyyətinə diqqət çəkib. Heydər Əliyev Fondunun reallaşdırdığı bir çox layihələrin əsas istiqamətinin ailə modelinin özünəməxsusluğunun qorunması olduğunu qeyd edib. O, festivalın təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib və ailələri təbrik edib.

Çıxışlardan sonra Dövlət Komitəsinin keçirdiyi “Həyatdan şəklə” onlayn foto-müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Rəngarəng çıxışlar və ifalarla davam edən festival uşaqlar üçün xüsusi yaddaqalan olub. Onlar xüsusi təşkil olunmuş guşələrdə xalça toxuma, ebru sənəti, dulusçuluq, eləcə də gül çələngi, maqnit, eko-çanta hazırlanması, gil ilə iş və s. müxtəlif ustad dərslərində iştirak edib, əyləncələrə qatılıblar.

Festival konsert proqramı ilə davam edib.


FOTO