Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı marafonu 2024” keçirilib
“Küləyə qalib gəl” şüarı ilə keçirilən yarışa 18 mindən çox iştirakçı qatılıb. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər, Almaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İraq, İran, İtaliya, Kanada, Qazaxıstan, Pakistan, Rusiya, Suriya, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşları da qoşulublar.
Artıq
7-ci dəfədir təşkil olunan Bakı marafonu insanları böyük coşqu ilə ətrafına
toplayır. Hər il olduğu kimi, bu il də Bakı marafonunun fəxri iştirakçıları
var. Ayrı-ayrı sahələrdən 200-dən çox şəxs fəxri iştirakçı kimi yarışıb.
Qeyd
edək ki, 2016-cı ildən 21 kilometr məsafədə təşkil olunan Bakı marafonu idmanın
inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.
Hər il iştirakçıların sayının artması yarışa marağın göstəricisidir. Xüsusi
qayğıya ehtiyacı olan şəxslər builki marafonda da iştirak ediblər.
Marafona
səhər saat 10-da start verilsə də, saat 7-dən etibarən Bayraq Meydanında yarış
əhval-ruhiyyəsi yaşanıb. Burada təşkil olunan atletlər zonasında iştirakçılar
üçün yarışdan əvvəl pilates, fitnes, yoqa, isinmə, boks, zumba, kardio üzrə
məşqlər keçirilib. Yarış zonasında marafonu dəstəkləyənlər üçün isə əyləncə
dolu “fan zona” - musiqi, DJ-lər, əyləncə proqramları təşkil edilib.
Yarışın
start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olub. Marafonun marşrutu
Dənizkənarı Bulvarı, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini əhatə
edib.
Küləkli
hava şəraitində aparılan maraqlı idman mübarizəsinin sonunda qaliblər
müəyyənləşib. Qadınların yarışında ukraynalı Nataliya Semenoviç birinci olub.
Xatırladaq ki, Nataliya Semenoviç “Bakı marafonu 2023”ün də qalibi olub.
Azərbaycan
təmsilçisi Anna Yusupova marafonu ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü
pillədə başa vurublar.
Kişilərin
mübarizəsində türkiyəli Ahmet Alkanoğlu finişə hamıdan tez çatıb. İkinci yeri
ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange tutublar.
İlk
üç yerin sahiblərinə müvafiq olaraq, 3000, 2000 və 1000 manat pul mükafatları,
medal və diplomlar təqdim edilib.
Qeyd
edək ki, marafonun əhatə etdiyi marşrut boyu DJ-lər, könüllülərdən ibarət
əyləncə komandaları marafonçuları qarşılayıb, xüsusi könüllü qrupları iştirakçıların
marşrut boyu istiqamətləndirməsinə kömək edib. 21 kilometrlik yolda maskotlar,
su, nəqliyyat və tibb məntəqələri də təşkil olunub.
“Bakı
Marafonu 2024”ün eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Layihənin
icrasını isə “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirir.
Marafon Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, SOCAR, Dənizkənarı Bulvar İdarəsi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB), Azərlotereya ASC, Skechers, GAC Motors, Push30, Badamlı, Liv Bona Dea Hospital, “Carlsberg Group” un dəstəyi ilə təşkil olunub.
“Bakı Marafonu 2024”də “Regional İnkişaf” İctimai Birliyinin paytaxt və regionları təmsil edən 600 nəfərdən çox könüllüsü də iştirak edib.