“Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsinə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın fəaliyyəti çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyinin tərəfdaşlığı ilə icra olunan “Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsinə cəlb olunmuş sosial işçilər üçün beynəlxalq ekspert tərəfindən hazırlanmış proqram əsasında təlim keçirilib.
“Regional İnkişaf” İctimai Birliyinin ofisində 15-20 aprel tarixlərində təşkil olunan təlimin ilkin mərhələsində Sosial Xidmətlər Agentliyi, Bakı şəhəri üzrə yerli icra hakimiyyətləri, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyində çalışan 30 sosial işçi iştirak edib. Növbəti mərhələdə təlimlər onlayn formatda davam etdiriləcək.
İnteraktiv formada keçirilmiş təimdə
türkiyəli ekspert, Sakarya Universitetinin professoru Mehmet Zafer Danış tərəfindən
iştiraçılara uşaqların reabilitasiyası və sosial xidmət, körpə və uşaq
inkişafı, ekoloji sistem yanaşması, yetkinlik dövrü, milli və beynəlxalq
hüquqda uşaq və uşaq hüquqları, cinayətə meyilli uşaqlar, küçə uşaqları və
sosial risklər, küçə uşaqlarına yönəlmiş sosial siyasətlər və digər mövzular haqqında
ətraflı məlumatlar verilib, onların çoxsaylı sulları cavablandırılıb.
Məlumat üçün bildiririk ki, layihə BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsasən küçə mühitində olan uşaqların hüquqlarının təmin olunması ilə bağlı qurumlar arasında çevik, koordinasiyalı və işlək mexanizmin yaradılması məqsədilə sosial işçilərin beynəlxalq təlim proqramı əsasında təlimləndirilməsi, aidiyyəti qurumlar tərəfindən küçə mühitində olan uşaqlar və ailələri üçün göstərilən xidmətlər və resurslar barədə məlumatların sistemləşdirilməsi (xidmətlər və resurslar xəritəsinin hazırlanması), sahə tədqiqatlarının aparılması ilə bağlı metodologiya və zəruri sənədlərin hazırlanması, ən azı 100 uşaqla bağlı tədqiqatın aparılması, onların və ailələrinin ehtiyaclarının müəyyənləşdirilməsi və təmin edilməsi istiqamətində müxtəlif tədbirlərin (sosial-psixoloji reabilitasiya, təhsil, səhiyyə, fərdi inkişaf, məşğulluq, hüquq dəstək, yaşayış, peşə hazırlığı, mədəni və s.) görülməsi və onların cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsidir.