Bakıda “Yer saatı 2024” beynəlxalq kampaniyası qeyd edilib
Martın 23-də Bakıda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “IDEA” İctimai Birliyi və Dünya Vəhşi Təbiət Fondunun (WWF) birgə təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyi və CAVAN Gənclər Hərəkatının dəstəyi ilə “Yer saatı 2024” (Earth Hour 2024) beynəlxalq kampaniyasına həsr olunmuş kütləvi aksiya keçirilib.
Aksiya
iştirakçıları Heydər Əliyev Mərkəzinin parkında toplaşaraq təntənəli
gerisayımla saat 20:30-da ətrafdakı işıqların söndürülməsini izləyib,
kampaniyanın simvolu olan “60+” yazısının şamlarla işıqlandırılmasında və
kütləvi əyləncə proqramında iştirak ediblər. Yüzlərlə gəncin qoşulduğu “Yer
saatı 2024” aksiyası zamanı ətraf mühitin mühafizəsi ilə yanaşı, bu il ölkəmizdə
keçirilməsi nəzərdə tutulan COP29 beynəlxalq tədbiri ilə əlaqəli maraqlı
müsabiqələr, LED işıqlardan ibarət şou, fasiləsiz musiqi və digər sürprizlər
iştirakçıların böyük marağına səbəb olub.
“Yer
saatı” dünyada ətraf mühitə həsr edilmiş ən böyük hərəkat olaraq milyonlarla
insanı iqlim dəyişikliyi ilə mübarizəyə səfərbər edir. 2007-ci ildə
Avstraliyanın Sidney şəhərində işıqların kütləvi söndürülməsi aksiyası ilə
başlamış “Yer saatı” kampaniyası dünyanın əksər ölkələrində, minlərlə şəhərdə
qeyd olunur. Hər il mart ayının son şənbə günündə qeyd olunan "Yer
saatı" aksiyası zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları
yerli vaxtla saat 20:30-da bir saatlıq söndürülür.
Beynəlxalq “Yer saatı 2024” kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan İqlim dəyişikliyi təhlükəsinin ciddiliyini, ona qarşı mübarizənin isə bəşəriyyət üçün vacibliyini nəzərə alaraq, “IDEA” İctimai Birliyi hər kəsi bu problemin həllinə töhfə verməyə, enerjiyə qənaət etməklə israfçılığa yol verməməyə, qlobal temperatur artımının 1,5°C-dən aşağı səviyyədə saxlanması hədəfi qarşısında həmrəylik nümayiş etdirməyə çağırır.