Orta ümümtəhsil müəssisələrinin müəllimləri üçün təşkil edilən inklüziv təhsil təlimləri başa çatıb
bp-nin dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Müəllimlərin inklüziv təhsil sahəsində potensialının artırılması” layihəsi çərçivəsində paytaxt və regionlarda pilot inklüziv təhsil məktəblərinin müəllimləri üçün təşkil olunan təlimlər başa çatıb. Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında təşkil edilən təlimlərə 50 orta ümumtəhsil müəssisəsində çalışan 270-dən çox müəllim cəlb olunub.
Təlimlər fərqli əlillik formalarında olan şagirdlərin ehtiyac və maraqlarına, sosial-psixoloji və sağlamlıq vəziyyətlərinə uyğun təhsil ehtiyaclarını qarşılamaq məqsədilə türkiyəli ekspert Kayhan Karlı tərəfindən hazırlanmış yeni inklüziv təhsil proqramı üzrə ToT təlimlərini uğurla başa vurmuş yerli təlimçilər tərəfindən keçirilib.
Təlimlərdə iştirakçılara nəzəri biliklərlə yanaşı,
tədris prosesində müəllimlər tərəfindən istifadə olunacaq müxtəlif alətlər və
digər resurslar barədə də ətraflı məlumat
verilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Məqsəd paytaxt və regionlarda orta ümumtəhsil məktəblərində
inklüziv təhsil mühitinin inkişafına və müəllimlərin bu sahədə bilik və bacarıqlarının
artırılmasına dəstək verməkdir.
Xatırladaq ki, layihə çərçivəsində, həmçinin yeni inklüziv
təhsil proqramı əsasında 20 nəfər təlimçi hazırlanıb, aidiyyəti dövlət
qurumlarının, pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin, pilot
inklüziv orta ümumtəhsil müəssisələrinin və qeyri-hökümət təşkilatlarının nümayəndələrinin
iştirakı ilə inklüziv cəmiyyətin inkişafında təhsilin və müəllim hazırlığının
rolu, müəllimlərin bacarıqlarının artırılmasında dünyada və ölkəmizdə tətbiq
olunan yeni təlim proqramlarının müzakirəsinə həsr olunan dəyirmi masa təşkil edilib, pilot inklüziv məktəblər
müxtəlif təlim və inkişafetdirici vəsaitlər, didaktik materiallar və digər
vasitələrlə təmin olunub.