Azad Mirzəcanzadə inkişaf proqramının qalibləri müəyyən edilib
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən keçirilən, Azərbaycanda istedadlı gənclərin aşkar edilməsi və onların inkişafının dəstəklənməsinə istiqamətlənmiş Azad Mirzəcanzadə inkişaf proqramının qalibləri müəyyənləşib. Üç mərhələdən ibarət olan proqramda münsiflər heyəti tərəfindən müsahibələrin keçirilməsi nəticəsində 6 qalib seçilib.
Yeni
imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həll yollarını tapmağı
bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara
sahib gənclərin üzə çıxarılması və onların inkişafına dəstək verilməsi məqsədini
daşıyan Azad Mirzəcanzadə inkişaf proqramının birinci dalğasında uğur qazanmış
layihələri təqdim edirik:
1. "SnackPack" layihəsi:
Bu
stratapın müəllifi ADA Universitetinin 4-cü kurs İT tələbəsi Ataxan Əhmədovdur.
"SNACKPACK" mobil proqramı vasitəsilə iaşə müəssisələri üçün günün
sonuna yaxın məhsullarını dəyişən və güzəştli qiymətə satmaq imkanı
yaradılacaq.
2. "CH-Group art studio"
layihəsi:
Layihənin
müəllifi Qazax şəhərindən gənc rəssam Aysan Omarovadır. O, 2018-ci ildə Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının dekorativ sənət fakültəsini bitirib. Hazırda Qazax Dövlət Dram
Teatrında quruluşçu rəssam kimi fəaliyyət göstərir. "CH-Group art
studio" layihəsi üzrə Qazaxda rəssamlıq və ustad dərslərinin keçilməsi, yaşından
və bacarığından asılı olmayaraq hər kəs üçün əlçatan olan incəsənət
studiyasının yaradılması planlaşdırılır.
3. "Sərhədsiz Gənc"
layihəsi:
Layihənin
müəllifi Gülşən Səfərova 2023-cü ildə Gəncə Dövlət Universitetinin
Kimya-biologiya müəllimliyi fakültəsini bitirib. Hazırda Ağdaş rayonunda orta məktəbdə
biologiya müəllimi kimi fəaliyyət göstərir. Həmçinin özəl layihələr çərçivəsində
gender bərabərliyi üzrə mentorluq edir. Təqdim etdiyi layihə Mərkəzi Aran
regionunda gender bərabərliyi mövzusunda interaktiv metodlardan istifadə etməklə
təlimlər həyata keçirmək, “Erasmus+” proqramlarını təbliğ etməklə gənclərin
dünyagörüşlərini artırmaq, fərqliliklərə, yeniliklərə açıq gənclər
formalaşdırmaq məqsədini daşıyır.
4. "SolarAgroWater"
layihəsi:
Kənan
Arifli “Azərenerji” ASC-nın Təlim Mərkəzində təlimçi və Şimal Elektrik
Stansiyasında Texniki şöbənin rəis müavini kimi fəaliyyət göstərir. Təqdim
etdiyi layihə günəş enerjisindən istifadə etməklə kənd təsərrüfatında suvarma məsələlərinin
həllinə töhfə verməyə istiqamətlənib.
5.
"Rəqəmsal Dünyada Ağlın idarə olunması" layihəsi:
Təqdim
olunan layihənin müəllifi Türkan Gözəllidir. O, İsmayıllı rayon Zərnava kənd
tam orta məktəbində və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində müəllim olaraq fəaliyyət
göstərir. Layihəsinin məqsədi 100 nəfər,
xüsusilə də ucqar kənd yerlərində təhsil alan və yaşayan məktəblilərə internet
və internet resurslarından düzgün formada necə istifadə etmək qaydalarının öyrədilməsindən
ibarətdir.
6.
"HygeSan4All" layihəsi:
ADA
Universitetinin Beynəlxalq ixtisas üzrə ikinci kurs tələbəsi Aysu Usubova tərəfindən
təqdim olunan layihənin məqsədi Bakı şəhərinin məktəblərində gigiyena və
sanitar şəraitin yaxşılaşdırılması, bu mövzunun əhəmiyyəti ilə bağlı şagirdlər
arasında maarifləndirmə işlərin aparılmasıdır.
Azad
Mirzəcanzadə inkişaf proqramının qaliblərinə layihələrini həyata keçirmək üçün
maliyyə və təşkilati dəstək göstəriləcək.
Qeyd
edək ki, ilk dəfə təşkil olunan bu proqramı 29 sentyabr 2023-cü il tarixindən
elan edilmişdi. Proqramda 18-35 yaşlarında olan hər bir Azərbaycan vətəndaşının
iştirakı nəzərdə tutulur. Proqram barədə məlumatlandırma məqsədilə paytaxt və
regionların bir çox təhsil ocaqlarında tələbələr, eləcə də özəl sektor, mütəxəssislər
və Azad Mirzəcanzadənin məzunlarının iştirakı ilə müxtəlif tədbirlər təşkil
edilib, “Novatorları necə yetişdirmək olar?”, "Yaradıcı sənayedən necə pul
qazanmaq olar?” və s. mövzularda panel müzakirələri keçirilib.
Proqramın
ilk mərhələsində qeydiyyatdan keçən layihələr arasında 50-yə yaxın layihə
ikinci mərhələdə iştirak hüququ qazanıb. Bu layihələrin nümayədənləri üçün mentorlarla
görüşlər və təlimlər təşkil olunub.