Bakıda növbəti ağacəkmə aksiyası keçirilib

Ölkə başçısı İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamına uyğun olaraq Novruz bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Səbail və Qaradağ rayonları ərazilərində ağacəkmə aksiyası keçirilib.
Bu gün qlobal iqlim dəyişiklikləri
və su qıtlığı təhlükəsi ilə əlaqədar ətraf mühitin qorunması, iqlim dəyişmələrinin
qarşısının alınması işinə töhfə olaraq Bakı şəhərində quraqlığa davamlı bitkilərin,
yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kolların əkilməsi
işləri aparılır.
Aksiya çərçivəsində icra
qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri tərəfindən iqlim şəraitinə
uyğun olaraq seçilmiş 600 ədəd ağac və kol bitkiləri əkilib.
Bu kimi ağacəkmə aksiyaları Bakı şəhərinin bütün rayonlarında keçiriləcək və mövsüm ərzində paytaxtın yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.