Qubada səyyar vətəndaş qəbulu və maliyyə savadlılığı mövzusunda təlim keçirilib
Azərbaycan Respublikasının Mərkəzi Bankı və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Maliyyə savadlılığının artırılması” mövzusunda növbəti təlim və səyyar vətəndaş qəbulu fevralın 29-da Quba rayonunda təşkil edilib.
Mərkəzi Bankın Quba Regional Mərkəzində keçirilən təlimin
məqsədi ənənəvi təlim üsullarını müasir formatda təklif edən Mərkəzi Bankın
Virtual Təhsil Platforması vasitəsilə iqtisadiyyat, maliyyə-bank, sığorta,
vergilər, statistika və s. sahələr üzrə bilik və bacarıqlarını inkişaf etdirmək
istəyən şəxslərə dəstək olaraq ödənişsiz kursların təşkili haqqında sakinlərin
ətraflı məlumatlandırılması idi.
Məktəblilərin də iştirak etdiyi təlimdə, həmçinin əhalinin
müxtəlif hədəf qruplarını əhatə edən bu platformada uşaqlar üçün Azərbaycan,
rus və ingilis dillərində təklif edilən müvafiq kurslar haqqında danışılıb,
iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
Səyyar qəbul zamanı isə vətəndaşların maliyyə xidmətləri ilə
bağlı müraciətləri dinləniləcək və qeydiyyatı aparılıb, sakinlərə yerində
məsləhət xidməti göstərilib.
Qeyd edək ki, bu cür tədbirlərin Mərkəzi Bank və “Regional İnkişaf” İctimai Birliyinin birgə əməkdşalığı əsasında digər regionlarda da keçirilməsi nəzərdə tutulur.