RİİB-in dəstəyi ilə “Regionlarda davamlı inkişaf üçün e-hökumət və e-iştirak imkanlarının təkmilləşdirilməsi" təlimlərinə Gəncə şəhərindən başlanılıb
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi, BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində “Regionlarda davamlı inkişaf üçün e-hökumət və e-iştirak imkanlarının təkmilləşdirilməsi" təlimi keçirilib.
Təlim “Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunub.
Təlimdə e-hökumət və e-iştirak konsepsiyalarının qlobal inkişaf tendensiyaları, dövlətin şəffaf idarə edilməsində İKT-dən daha səmərəli istifadə, internet təhlükəsizliyi, məxfilik, internetə çıxış, inkişaf və s. məsələlər müzakirə edilib. E-hökumət və e-iştirak infrastrukturu, “Elektron hökumət” portalı (e-gov.az), portalın vətəndaşlara təqdim etdiyi xidmətlər, portaldan istifadə qaydaları, elektron imza, elektron sənəd haqqında nəzəri və praktik biliklər aşılanıb. İştirakçılara real iş rejimində "Elektron hökumət" portalı (e-gov.az) üzrə praktik bacarıqlarını artırmaq, habelə elektron imza və elektron sənəd haqqında məlumat almaq imkanı verilib.
Yerli və xarici ekspertlərin iştirakı ilə təşkil olunan təlimdə vətəndaşların e-hökumətdən istifadəyə cəlb olunmasını tənzimləyən müvafiq qurumların nümayəndələri və sahibkarlar iştirak edib.
Layihə çərçivəsində gələcəkdə Qəbələ, Lənkəran, Bərdə, Şirvan, Quba və digər regionlarda da keçirilməsi nəzərdə tutulan təlimlərin əsas məqsədi innovativ texnologiyaların tətbiqi ilə biznesin inkişaf yollarını araşdırmaq, bununla bağlı yerli mütəxəssislərlə beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsi yaratmaq, habelə, daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə dəstək olmaqdır.
Təlimdə regionlarda dövlət qulluqçularının İKT potensialının gücləndirilməsi ilə bağlı beynəlxalq təcrübənin tətbiqi, vətəndaşların dövlət xidmətlərinə çıxış imkanı məsələlərinə də toxunulub. Eyni zamanda, “Elektron Azərbaycan” maarifləndirici toplusunun təqdimatı da keçirilib. Məlumat üçün bildirilir ki, kitabçada “Elektron hökumət” infrastrukturu və onun əsas komponentləri, “Elektron hökumət” portalı, portalda mövcud xidmət qrupları, elektron imza və onun tətbiq sahələrindən bəhs edilir.
Sonda iştirakçılara BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi tərəfindən sertifikat təqdim edilib.