“Azərbaycanda inklüziv təhsilin inkişafında müasir pedaqoji yanaşmalar və təcrübələr” mövzusunda dəyirmi masa keçirilib

bp-nin dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Müəllimlərin inklüziv təhsil sahəsində potensialının artırılması” layihəsi çərçivəsində yanvarın 12-də “Azərbaycanda inklüziv təhsilin inkişafında müasir pedaqoji yanaşmalar və təcrübələr” mövzusunda dəyirmi masa təşkil edilib. Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında keçirilən dəyirmi masada aidiyyəti dövlət qurumlarının, pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin, pilot inklüziv orta ümumtəhsil müəssisələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Dəyirmi masa inklüziv cəmiyyətin inkişafında təhsilin
və müəllim hazırlığının rolu, müəllimlərin bacarıqlarının artırılmasında
dünyada və ölkəmizdə tətbiq olunan yeni təlim proqramları və digər aktual məsələlər
ətrafında müzakirələr aparlması məqsədilə həyata keçirilib.
Tədbirdə Elm və
Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil
İnstitutu tərəfindən inklüziv təhsilin inkişafı istiqamətində görülən işlərdən,
ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlərə dəstək məqsədilə “Regional
İnkişaf” İctimai Birliyinin yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq əsasında
icra etdiyi layihələrdən danışılıb, görülən işlərin davamı olan bugünkü müzakirələrin
əhəmiyyətinə diqqət çəkilib, “Müəllimlərin inklüziv təhsil sahəsində
potensialının artırılması” layihəsi çərçivəsində ali və ümumtəhsil müəssisələrində
çalışan müəllimlərin inklüziv təhsil sahəsində potensialının və praktiki
bacarıqlarının artırılması, məktəb icması və geniş ictimaiyyət arasında bu sahədə
məlumatlılığının artırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında
məlumat verilib. Layihə çərçivəsində türkiyəli ekspert, Yenilikçi Öğrenme
Merkezinin təsisçisi Kayhan Karlı tərəfindən hazırlanmış yeni praktiki və
proqressiv təlim modulunun təhsil
müəssisələrində inklüziv mühitin təkmilləşdirilməsinə verəcəyi töhfə, layihə əsasında
keçirilmiş təlimçilər üçün təlim proqramı və s. bu kimi məsələlərdən danışılıb.
Türkiyəli ekspert Kayhan
Karlı iştirakçılara “Təhsil sisteminin inkişafı və inklüziv təhsilin əhəmiyyəti”
mövzusunda təqdimat edərək dünya üzrə təhsil sistemində baş verən dəyişikliklər
və inkişaf, inklüziv təhsilin mahiyyəti və əhəmiyyəti, inklüziv təhsil sisteminə
keçid prosesində imkanlar və çağırışlar, dünyada mövcud uğurlu inklüziv təhsil
sistemi modelləri, bu sahədə Azərbaycan təhsil sistemində tədbiq edilə biləcək
modellər və strateji yanaşmalar, təhsildə texnologiya və rəqəmsallaşmanın rolu,
ölkəmizdə rəqəmsal təhsil proqramları və potensialları, xüsusi təhsil və fərqliliklərin
nəzərə alınması, bu istiqamətdə şagirdlərə yönəlmiş strategiyalar, müxtəlifliliyi
nəzərə alan təhsil siyasətləri, müəllimlərin peşəkar inkişafı və inklüziv təhsildə
rolu, situasiya çalışmaları və uğurlu nəticələr, gələcək perspektivlər və bu
kimi məsələlər üzrə ətraflı məlumat verib.
Tədbir təhsildə
inklüziv mühitin inkişafı və bu sahədə görülən işlər, ehtiyaclar və onların təmin
edilməsi üçün atılacaq növbəti addımlar barədə müzakirələrlə davam edib.