Müəllimlərin inklüziv təhsil sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə təlimçilər üçün təlim keçirilib

bp-nin dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Müəllimlərin inklüziv təhsil sahəsində potensialının artırılması” layihəsi çərçivəsində 9-11 yanvar tarixlərində Bakı şəhərində təlimçilər üçün təlim (ToT) keçirilib. Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında təşkil olunan təlimdə paytaxt və regionlardan 20-ə yaxın təlimçi müəllim iştirak edib.
Təlim proqramı fərqli əlillik
formalarında olan şagirdlərin ehtiyac və maraqlarına, sosial-psixoloji və
sağlamlıq vəziyyətlərinə uyğun təhsil ehtiyaclarını qarşılamaq məqsədilə türkiyəli
ekspert, Yenilikçi Öğrenme Merkezinin təsisçisi Kayhan Karlı tərəfindən hazırlanmış
modul əsasında həyata keçirilib.
Təlimin məqsədi paytaxt və regionlarda orta ümumtəhsil
məktəblərində inklüziv təhsil mühitinin inkişafına və müəllimlərin bu sahədə
bilik və praktik bacarıqlarının artırılmasına dəstək olmaq üçün peşəkar təlimçilər
hazırlamaqdır. Türkiyədən olan ekspertlər Kayhan Karlı və Barış Sarısoy tərəfindən
keçilən təlimlər zamanı iştirakçılara nəzəri biliklərlə yanaşı, tədris
prosesində müəllimlər tərəfindən istifadə olunacaq müxtəlif alətlər və digər
resurslar barədə də ətraflı məlumat
verilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Layihənin növbəti mərhələsində ToT təlimini uğurla
başa vuran təlimçilər tərəfindən Bakı, Sumqayıt, Şirvan, Gəncə şəhərləri,
Abşeron, Quba, Şəki, Qazax, Xaçmaz və Qəbələ rayonlarında fəaliyyət göstərən
orta məktəb müəllimləri üçün təlimlər keçiləcək.
Qeyd edək ki, layihə çərçivəsində, həmçinin qeyd olunan şəhər və rayonlarda fəaliyyət göstərən pilot inklüziv məktəblər müxtəlif təlim və inkişafetdirici vəsaitlər, didaktik materiallar və digər vasitələrlə təmin edilmişdir.