150 +994505000150

RİİB-in könüllülük proqramı çərçivəsində ilk ay üzrə fəaliyyətə yekun vurulub

2 noyabr 2017
Paylaş
RİİB-in könüllülük proqramı çərçivəsində ilk ay üzrə fəaliyyətə  yekun vurulub

Xəbər verdiyimiz kimi, “Regional İnkişaf” İctimai Birliyi sentyabr ayında regionlarda könüllülük proqramına start verib və oktyabr ayının 1-dən proqramın icrasına başlanılıb.

Xəbər verdiyimiz kimi, “Regional İnkişaf” İctimai Birliyi sentyabr ayında regionlarda könüllülük proqramına start verib və oktyabr ayının 1-dən proqramın icrasına başlanılıb. 3 ay davam edəcək proqramın ilk ayı üzrə fəaliyyətə artıq yekun vurulub.

 

Proqramda əvvəlcədən planlaşdırılmış qaydada 4 müxtəlif - “İşgüzar”, “Regionu tanı”, “Sosial məsuliyyət” və “Təcrübə mübadiləsi” kimi tematik həftələr üzrə iş aparılıb.

 

İlk “İşgüzar” həftə ərzində 8 regionda 350 könüllüyə “Regionlarda könüllülük fəaliyyəti” mövzusunda təlimlər təşkil olunub. Təlimlərdə könüllü fəaliyyət necə olmalıdır, RİİB könüllülərinin iş prinsipləri, regionlarda könüllülük fəaliyyətinin inkişaf etdirilməsi, ictimai nəzarətin həyata keçirilməsində könüllülərin rolu, vətəndaşlarla işin qurulması və digər bu kimi məsələlər barədə məlumat verilib, habelə könüllüləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 

"Regionu tanı" - turizm həftəsi çərçivəsində könüllülər yaşadıqları regionu daha yaxından tanımaq, həmin regionun turizm potensialını araşdırmaq, mövcud tarixi, mədəni abidələrini tədqiq etmək imkanı qazanıblar. Həftənin yekunu olaraq regionların turizm imkanlarının araşdırılması və inkişafı üçün yeni təkliflərin formalaşdırılması, eyni zamanda asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə könüllülərin tarixi abidələrə ekskursiyaları təşkil edilib. Onlar Qusarda Şeyx Cüneyd Məqbərəsində, Şamaxı rayonu Dəmirçi kəndində, Şamaxı Astrofizika Rəsədxanasında, Balakəndə Tarixi Cümə Məscidi, Balakənin Arılıqbinə kəndində Alban məbədində, Masallı Tarix Diyarşünaslıq Muzeyində, Şirvan Milli Parkında, Göyçay rayonu Çərəkə gölündə, Bərdə rayonu Nüşabə qalasında, Qazaxda Göyəzən dağında, Damcılı mağarasında və digər məkanlarda olub, həmin obyektləri canlı araşdıraraq, turizmin inkişafı ilə bağlı öz təkliflərini RİİB-ə  təqdim ediblər. Həmin təkliflər və araşdırma materialları İctimai Bilrliyin irimiqyaslı turizm layihəsinin icrasında ilkin məlumat bazası kimi istifadə ediləcək.

 

İctimaiyyətin diqqətini sosial məsələlərə yönəltmək, habelə region sakinlərində sosial məsuliyyət hissini daha da artırmaq məqsədi ilə “Sosial məsuliyyət” həftəsi ərzində könüllülər regionlarda bir sıra aksiyada iştirak ediblər. Onlar Salyan rayonu, Qarabağlı kənd stadionunun təmizlənməsi və ətrafda ağacların əhənglənməsini, Bərdə şəhər 3 saylı orta məktəbin meydançasında idman qurğularının, habelə həyətyanı sahənin kiçik təmir-bərpa işlərini, Şəmkir şəhər 2 saylı körpələr evi - uşaq bağçasının həyətində ağacəkmə aksiyasını, Lənkəranda dəniz sahili ərazilərin tullantılardan təmizlənməsini, Kürdəmirdə uşaq parkının kiçik təmir-bərpa işlərini, Oğuzun Calud kəndində Alban məbədinin təmizlənməsi, həmçinin ətrafında quş yuvaları və yol nişanlarının yerləşdirilməsini, İsmayıllıda əsasən əlillərin istirahət etdiyi parkın həyətində cari təmir işlərini, Qudyalçayın sahilində təmizlik aksiyasını həyata keçiriblər.

 

“Təcrübə mübadiləsi” həftəsi isə könüllülərin həm region daxilində, həm də müxtəlif regiondan olan könüllülər arasında təcrübə mübadiləsinin aparılması ilə davam etdirilib.

 

Həmin həftədə keçirilən “Regional İnkişaf” İctimai Birliyinin birinci konfransı könüllülərə daha geniş təcrübə mübadiləsi aparmaq üçün əlavə imkan yaradıb.

 

Qeyd edək ki, 8 bölgəni əhatə edən proqramın əsas məqsədi regionlarda ictimai nəzarətin həyata keçirilməsində könüllülərin fəal iştirakını təmin etmək, eləcə də gənclərin bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına və regionlarda geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək göstərməkdən ibarətdir.