Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş maarifləndirmə kampaniyasının icrasına başlanılıb
“Regional İnkişaf” İctimai Birliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “AzerGold” QSC və “Nar”ın birgə təşkilatçılığı ilə 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş maarifləndirmə kampaniyası çərçivəsində silsilə tədbirlər həyata keçirilir.
13-15 noyabr tarixlərində Şəki və Lənkəran şəhərlərinin orta
ümumtəhsil məktəblərində icra olunmuş kampaniyanın məqsədi müəllim, şagird və
valideynlərin uşaq hüquqları sahəsində məlumatlılığını artırmaq və cəmiyyətin
diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək idi.
Kampaniya əsasında, ümumilikdə 300-dən çox məktəbli üçün
uşaq hüquqlarına dair təlimlər və məlumatlandırıcı sessiyalar təşkil olunmuş,
uşaqlar tərəfindən hüquqlarına dair müxtəlif tamaşalar səhnələşdirilmiş,
komandalar şəklində mövzu ilə bağlı interaktiv yarış keçirilmişdir. Yarışın
sonunda uşaq hüquqlarının pozulması ilə nəticələnən hər hansı problemin həllinə
yönəlmiş ən uğurlu təkliflər təqdim edən komandalar hədiyyələrlə
mükafatlandırılmışdır.
Həmçinin, “Nefes” Psixonevroloji Sağlamlıq Mərkəzinin
psixoloqu Mahmud Mustafayevin dəstəyi ilə məktəblilər tərəfindən yaşadıqları
regionun uşaq hüquqlarına dair problemləri xəritələşdirilmiş, valideynlər və məktəb
icması üçün uşaq hüquqları sahəsində mövcud problemlər və həlli yolları,
onların uşaqların psixoloji sağlamlığına təsiri, nümunəvi davranış qaydaları və
digər mövzularda maarifləndirici seminar keçirilmişdir.
Qeyd edək ki, kampaniya çərçivəsində noyabrın 20-də "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin dəstəyi ilə Bakı şəhər məktəbləri üzrə Debat Forum da keçiriləcək.
FOTO