RİİB-in təşəbbüsü ilə “Türkiyə - Azərbaycan gənclərinin mübadilə proqramı” həyata keçirilib
“Regional İnkişaf” İctimai Birliyi və Türkiyənin Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 15-21 avqust tarixlərində “Türkiyə - Azərbaycan gənclərinin mübadilə proqramı” həyata keçirilib.
Avqustun
16-da Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Təlim-Tədris Mərkəzində
qardaş ölkədən olan gənclərlə tanışlıq görüşü keçirilib.
Şamaxı
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Milli Məclisin deputatı
Tamam Cəfərova avqustun 17-də türkiyəli gənclərlə görüşüblər. Görüş zamanı
Şamaxı rayonunda gənclər və könüllülük sahəsində aparılan işlər, rayonda
yeniyetmə və gənclərin şəxsi inkişafı, ictimai fəallığının artırılması üçün
yaradılan imkanlardan bəhs edilib.
Heydər
Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov Şamaxı Yaradıcılıq Mərkəzində qardaş
ölkədən olan gənclərlə görüşərək, Fondun gənclər sahəsində gördüyü işlər, gənclərin
istedad və bacarıqlarının dəstəklənməsi istiqamətində atdığı addımlardan
danışıb.
Hər
günə idman tədbirləri ilə başlayan qonaqlar Şamaxı Astrofizika Rəsədxanasında,
qədim tarixə malik Dəmirçi kəndində olub, Şamaxı Cümə məscidini, Şahxəndan qəbristanlığı
və Kələxana türbələr kompleksini ziyarət edərək, abidələr haqqında ətraflı məlumat
alıblar.
Proqram
çərçivəsində türkiyəli gənclər avqustun 18-də Daşkəsən rayonuna səfər edərək
RİİB könüllüləri üçün təşkil edilən birgünlük “Yay tətili” tədbirində iştirak
ediblər. Tədbir zamanı iki qardaş ölkənin gəncləri “Sosial iş, sosial dəyişiklik
və ictimai təşviqat” mövzusunda təlimə qatılıb, tədbirin fəxri qonağı ilə görüşüb,
könüllülük sahəsində təcrübə mübadiləsi aparıblar. Gənclər öz milli mətbəxlərinə
aid şirniyyat nümunələri, rəqs və musiqi nömrələri nümayiş etdirərək, əyləncəli
proqramla günü başa vurublar.
Qonaqlar,
Bakıda gənclər və idman nazirinin müavini İndira Hacıyeva ilə görüşüblər.
Görüşdə Azərbaycanda gənclər və idman siyasəti, bu sahədə həyata keçirilən
yerli və beynəlxalq layihələr, azərbaycanlı gənclərin beynəlxalq sferada
qazandığı uğurlardan, iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsində
gənclərin müstəsna rolundan, mübadilə proqramlarının bu istiqamətdə aparılan işə
böyük töhfə verməsindən danışılıb.
Türkiyəli
gənclərin ölkəmizə səfərləri Bakı Gənclər Mərkəzinin fəaliyyəti və Heydər
Əliyev Mərkəzində yerləşən muzey və sərgilərlə tanışlıqla başa çatıb.
Qeyd edək ki, mübadilə proqramı iki qardaş ölkə gəncləri arasında əlaqələrin genişləndirilməsi, könüllülük sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması, eyni zamanda gələcəkdə birgə layihə təşəbbüslərinin icrası məqsədilə həyata keçirilib.