“Təhsil avtobusu” səfərinə Şərqi Zəngəzurdan başlayacaq
14-22 avqust 2023-cu il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi dəstəyi ilə “Azərbaycan üçün Öyrət” proqramı çərçivəsində “Təhsil avtobusu - Gələcəyə doğru” yay məktəbi keçiriləcək.
Təhsil avtobusu
işğaldan azad olunan bölgələrin və ucqar kəndlərin şagirdləri üçün Bakı şəhərindən
yola düşərək Zəngilan, Ağalı kəndi - Laçın - Neftçala - Göyçay - Qazax - Tərtər,
Talış kəndi - Qax - Bakı marşrutu üzrə səyahət edəcək.
Layihənin məqsədi şagirdlərdə gələcək üçün yeni bacarıq və vərdişlər qazandırmaq, onlarda həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə marağın artmasına şərait yaratmaq və "Heydər Əliyev irsi"ni təbliğ etməkdir.
Yay məktəbi bu bölgələrdəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri orta və yüksək olan VI-IX sinif şagirdlərini əhatə edəcək. Yay məktəbi çərçivəsində şagirdlər marşrut üzrə öz şəhər və ya rayonlarında 1 gün ərzində təlimçi və ekspertlər tərəfindən keçirilən kodlaşdırma və robototexnika, yaradıcı düşünmə bacarıqları, ilkin sahibkarlıq anlayışları, ünsiyyət və təqdimat bacarıqları, STEAM metodologiyası üzrə təlimlər, intellektual yarışlar və oyunlarda iştirak edəcək. Həmçinin, iştirakçılara hədiyyələr və sertifikat təqdim olunacaqdır.
Layihə bu il Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi dəstəyi, “Asmart Creative Hub” yaradıcılıq mərkəzi, “Start IT” şirkəti, “Women in Tech Azerbaijan” “Kids Inc.” proqramı, Milli Debat Proqramı, “Azerbaijan Public Speaking Competition” proqramının tərəfdaşlığı ilə həyata keçiriləcək.
Qeyd edək ki, bu layihə artıq 6-cı dəfədir ki, hər il fərqli konsepsiya üzrə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı dəstəkləməsi məqsədilə həyata keçirilir. 2016-cı ildən etibarən hər il müxtəlif konsepsiya ilə yola çıxan “Təhsil Avtobusu” layihəsinə Respublikanın 29 rayonu və böyük şəhərlərini əhatə etməklə 22 ali və orta təhsil müəssisəsi, 62 şəhər məktəbi, 98 kənd-qəsəbə məktəbini təmsil edən 900-dən artıq şagird və tələbə cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 350 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.