RİİB könüllülləri üçün “Yay tətili” layihəsinə start verilib
“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən yay fəslində könüllülərin asudə vaxtlarının səmərəli təşkili, onların şəxsi inkişafına dəstək verilməsi və gənclərin birgə fəaliyyətinin təşviqi məqsədilə “Yay tətili” layihəsinin icrasına başlanılıb.
Layihəyə avqustun 6-da RİİB-in Lənkəran-Astara və
Şirvan-Salyan regional bölmələri üzrə könüllüləri üçün keçirilən ilk tədbirlə
start verilib. Lənkəran rayonunda təşkil edilən “Yay tətili”ndə könüllülər günə
yoqa təlimi ilə başlayıblar. Gənclər tədbirin fəxri qonağı "Safavy" (onlayn
təhsil platforması) startapının rəhbəri Könül Quliyeva ilə görüşərək onun
tövsiyələrini dinləyib, təlimçi Tofiq Sadıqov tərəfindən keçilən fərdi inkişaf
təlimində və vörkşopda iştirak ediblər.
Həmçinin günün sonunda könüllülər üçün musiqili-əyləncəli proqram təşkil
olunub.
Avqustun 18-dək davam edəcək layihə çərçivəsində
RİİB-in Quba-Xaçmaz, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Dağlıq Şirvan, Qazax-Tovuz
və Gəncə-Daşkəsən regional bölmələri üzrə könüllüləri üçün də birgünlük “Yay tətili”
tədbirləri təşkil olunacaq.
Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyinin
fəaliyyətinə, ümumilikdə 1000-dən çox gənc könüllü dəstək verir. Öz növbəsində,
RİİB həmin gənclərin ictimai fəallığının və dünyagörüşünün artırılmasını, bilik
və bacarıqlarının təkmilləşdirilməsini, eyni zamanda ölkədə keçirilən bir çox
yerli və beynəlxalq layihələrdə iştirakına imkan yaradılmasını daim diqqətdə saxlayır.