150 +994505000150

RİİB autizm spektr pozuntusu olan uşaqlar üçün yeni kampaniyaya başladı

24 iyul 2023
Paylaş
RİİB autizm spektr pozuntusu olan uşaqlar üçün yeni kampaniyaya başladı

“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı, “Birgə və Sağlam” İctimai Birliyinin dəstəyi ilə “Gələcək hamı üçün” adlı kampaniyaya start verilib. Kampaniya çərçivəsində paytaxt və regionlarda autizm spektr pozuntusu olan uşaqlar üçün müxtəlif məzmunlu öyrədici, inkişaf etdirici və əyləncəli tədbirlər təşkil ediləcək.

Bu məqsədlə iyulun 24-də “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən autizm spektr pozuntusu olan uşaqlar üçün Reabilitasiya Mərkəzində keçirilən tədbir çərçivəsində layihəyə cəlb edilən RİİB könüllüləri üçün təlim təşkil edilib. Könüllülər Reabilitasiya Mərkəzinin mütəxəssisləri tərəfindən autizmli şəxslərə yanaşma metodları, onlarla ünsiyyət və digər məqamlarla bağlı ətraflı məlumatlandırılıblar. Növbəti mərhələdə həmin könüllülər tərəfindən Mərkəzdə təhsil alan uşaqlar və yeniyetmələr üçün 3 fərqli məzmunda master-klas keçilib, birgə fəaliyyətlər icra olunub.  Açıq havada təşkil edilən rəssamlıq, dibçək rənglənməsi və gülçülük master-klasları, Mərkəzin “Kashalata” kafesində təşkil edilən kulinariya üzrə master-klas uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Layihənin məqsədi autizm spektr pozuntusu olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların xüsusi bacarıq və qabiliyyətlərini reallaşdırmalarına imkan yaratmaqdır. Kampaniya boyunca, həmçinin autizmli övlada sahib olan ailələrin qarşılaşdıqları problemlər və həmin uşaqlarla düzgün davranış qaydaları haqqında ictimaiyyətin maarifləndirilməsi də diqqətdə saxlanılacaq.


FOTO