RİİB-in inklüziv təhsillə bağlı həyata keçirdiyi layihənin ikinci mərhələsinə start verilib
Martın 14-də bp-nin inklüziv cəmiyyətin inkişafı üçün təhsil və bacarıqların artırılması üzrə innovativ yanaşmaları təşviq edən fəaliyyətlərinin təqdimatı olub.
Tədbir çərçivəsində bp-nin maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən, məktəblərdə inklüziv təhsilin gücləndirilməsinə yönəlmiş layihə və əldə edilən uğurlu nəticələrlə bağlı ətraflı məlumat verilib.
Həmçinin bu uğura əsaslanaraq, layihənin daha geniş miqyasda davam etdirilməsi ilə bağlı təqdimat keçirilib.
Layihənin artıq tamamlanmış
1-ci mərhələsi ümumi təhsil məktəblərində inklüziv təhsil mühitinin yaradılması
və əlilliyi olan uşaqların sosial inteqrasiyası ilə bağlı davranış dəyişikliyini
təbliğ etməklə inklüziv təhsil mədəniyyətinin təşviq olunması üçün nəzərdə
tutulmuşdu. Layihə Elm və Təhsil Nazirliyi tərəfindən seçilmiş dörd pilot məktəbi
– Bakı şəhərinin 202 və 246 saylı məktəblərini, həmçinin Sumqayıt şəhərinin 4 və
21 saylı məktəblərini əhatə edib.
Layihə çərçivəsində əlilliyi
olan uşaqların öyrənmə və inteqrasiya səylərinə kömək məqsədilə qrup şəklində və
fərdi qaydada xidmətlər göstərmək üçün seçilmiş məktəblərin hər birində
inklüziv təlim resurs otağı yaradılıb. Resurs otaqları əlilliyi olan uşaqların
fərdi təhsil ehtiyaclarına cavab verən praktiki tədris və köməkçi
texnologiyalar, xüsusi qurğular və mebellər, həmçinin proqram təminatı və
audio-vizual vəsaitlərlə təchiz olunub.
Bundan əlavə, pedaqoji heyətdən
seçilmiş qruplara – ümumilikdə 50-dən çox müəllimə yeni avadanlıq və
texnologiyadan səmərəli istifadəni, həmçinin öz məktəblərində ümumi inklüziv
mühitin və mədəniyyətin qorunub saxlanılmasını təmin etmək üçün təlimlər
keçilmiş, həmçinin 80-dən çox valideyn üçün məlumatlandırıcı seminarlar təşkil olunmuş, geniş
ictimai maaarifləndirmə işləri aparılmışdır.
Layihənin 2-ci mərhələsi Bakı, Sumqayıt, Şirvan, Gəncə, Abşeron,
Quba, Şəki, Qazax, Xaçmaz, Qəbələ və Ağcabədi də daxil olmaqla ölkənin müxtəlif
yerlərindən seçilmiş 24 məktəbi əhatə edəcək.
İlk olaraq beynəlxalq ekspertlə
birlikdə inklüziv təhsil üzrə təlim
proqramı hazırlanacaq və həmin proqram əsasında 250-yə yaxın məktəb müəlliminin
inklüziv təhsil sahəsində nəzəri bilik və praktiki bacarıqlarının təkmilləşdirilməsi
məqsədilə təlimləndirilməsi aparılacaqdır.
Fərqli əlillik formalarında olan şagirdlərin müxtəlif
ehtiyac və maraqlarına, sosial - psixoloji və sağlamlıq vəziyyətlərinə uyğun təhsil
ehtiyaclarını qarşılamaq üçün təlimin diferensiallaşdırılması, rəngarəng təlim
metodlarının tətbiqi zəruri olduğundan, layihə çərçivəsində həmin müəllimlər
maddi-texniki resurslarla - zəngin təlim vəsaitləri, didaktik materiallar,
inkişafetdirici vasitələr və s. ilə təmin ediləcək.
Layihə çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi
ilə bağlı ictimai müzakirələrə dəstək məqsədilə müvafiq dövlət qurumlarının,
QHT-lər və maraqlı tərəflərinin iştirakı ilə dəyirmi masa müzakirələrinin təşkili
də nəzərdə tutulur.
Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında həyata keçiriləcək yeni layihə müasir inklüziv təhsil siyasətini güclü şəkildə dəstəkləyir və Azərbaycanın təhsil sisteminin tərkib hissəsi kimi inklüziv təhsilin strateji inkişafını təşviq edir.